Rayonda suvarma işləri diqqət mərkəzindədir

         Kənd təsərrüfatı bitkiləri əkin sahələrinin suvarılması ən mühüm aqrotexniki tədbirlərdən hesab olunur. Təsərrüfatlarda səmərəli suvarmanın təşkili gələcək bol məhsul yetişdirilməsində önəmli rol oynayır.  Hazırda respublikamızın bütün bölgələrində bu istiqamətdə uğurlu addımlar atılır. Rayonumuzda suvarma işlərinə xüsusi diqqət yetirilir. Ağcabədi rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azər Bayramovun sözlərinə görə, bölgə ərazisində fəaliyyət göstərən təsərrüfatlarda qış dövrü suvarma işlərinin qızğın çağıdır. Fermerlər qış aratının keyfiyyətli aparılması üçün səylərini artırırlar. Rayon suvarma sistemləri idarəsinin kollektivi kənd təsərrüfatı bitkiləri əkin sahələrinin bol suvarma suyu ilə təmin edilməsi məqsədi ilə bütün imkanları səfərbərliyə alıb.

Qeyd edilib ki, adıçəkilən idarə tərəfindən rayon ərazisində 63 min hektar əkin sahəsinə xidmət göstərilir. Həmin sahələrin 11 min 630 hektarı pambıq əkini üçün nəzərdə tutulub. Bu məqsədlə şumlanılmış 10 min 500 hektar sahənin 2 min hektarında arat aparılıb.

19 min 11 hektar taxıl əkini sahələrində də suvarma suyunun verilməsi lazımınca təşkil olunur. Hazırda taxıl sahələrinin bitiş suyu ilə təmin olunması başa çatmaq üzrədir. Artıq 500 hektardan çox əkin sahəsi vegetasiya suyu ilə təmin olunub. Bundan başqa, ərazidə mövcud olan 2 min 280 hektarda təzə yonca və digər yem bitkilərindən ibarət əkin sahələrində birinci suvarma sona yetib, ikinci suvarmaya start verilib. Eyni zamanda qış dövründə 3 min 755 hektardan ibarət bağ, meşə, örüş-otlaq sahələrinin 700 hektarında, 4 min 248 hektar həyətyanı sahənin 250 hektarında suvarma tədbirləri həyata keçirilib. İdarə rəisi onu dsa əlavə edib ki, görülmüş işlər nəticəsində 1 min 800 hektar bostan-tərəvəz məhsulları üçün ayrılan əkin sahələrinin 150 hektarı, 20 min 276 hektar köhnə yonca sahəsinin 2 min hektarı suvarılıb.

Azər Bayramov onu da bildirib ki, rayonda həyata keçirilən suvarma tədbirlərində Yuxarı Qarabağ və Xan qızı kanalları, Kür çayı, subartezian quyuları kimi su mənbələrindən istifadə olunur. Suvarma zamanı su nasos stansiyalarının, digər mexanizmlərin saz və işlək vəziyyətdə olmaları üçün bütün tədbirlər görülür. Rayonda əkin sahələrinin suvarma suyu ilə təmin olunması istiqamətində tədbirlər bundan sonra da yüksək səviyyədə davam etdiriləcək.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləŞəhid ailələri ziyarət olunub
Növbəti məqalədəHəmişə ön cəbhədə

Şərhlər