Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Vətən Müharibəsindən sonra Qarabağ bölgəsinə etdiyi davamlı səfərlər nəinki bölgə, eləcə də ölkə əhalisi tərəfindən rəğbətlə, böyük ruh yüksəkliyi və razılıq hissi ilə qarşılanır. Dövlət başçısının səfərləri hər kəsdə fədakarlıq, mübarizə əzmi, əmək çoşğunluğu, sabaha daha möhkəm inam doğurur. Bu səfərlər işğaldan azad olmuş Qarabağ regionu və şəhərlərinin sosial-iqtisadi inkişafına, sakinlərin həyat şəraitinin və rifah halının yaxşılaşdırılmasına yönəlmiş yüksək dövlət diqqət və qayğısının parlaq təzahürüdür.
Möhtərəm Prezidentin Ağcabədiyə növbəti səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Bu onun Vətən müharibəsi başa çatdıqdan sonra rayonumuza ilk səfəridir. Fevralın 13-də ölkə rəhbəri İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın rayona gəlişi əsl bayrama çevrilib, hər bir ağcabədilinin sevincinə səbəb oldu. Məlum olduğu kimi, Prezidentin səfərləri hər dəfə bölgə ərazisində mühüm yeniliklər, geniş tikinti, abadlıq və quruculuq və bərpa işləri ilə müşayiət olunur. Bu səfər zamanı da belə oldu. Həmin səfər çərçivəsində açılışı edilən möhtəşəm sosial obyektlər, çəkilmiş avtomobil yolları, bütövlükdə, Azərbaycanın uğurudur. Rayonda yaradılmış Taxıl Aqroparkı kənd təsərrüfatı işçilərinə, əmək adamlarına əsl töhfə oldu.
Görülmüş bu işlər, möhtəşəm tədbirlər bir ziyalı, ağsaqqal kimi məni də çox sevindirir.
Rayonumuzun ağsaqqalları, ziyalıları adından göstərdikləri yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı və təşəkkürümü bildirirəm.
Əlizadə NƏCƏFOV,
Ağcabədi rayon Ağsaqqallar Şurasının
sədri, tarix üzrə fəlsəfə doktoru.