Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının professoru, tanınmış şair Ənvər Əhməd 2022-ci il fevral ayının 17-də ömrünün 78-ci ilində vəfat edib.
Ənvər Misir oğlu Əhmədov 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədi şəhər 5 saylı orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. “M. Ə. Sabirin poetikası” mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.
Şairin “Dağ və mən” adlı ilk şeiri 1962-ci ildə “Ağcabədi pambıqçısı” qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Sonra Ağcabədi rayon “Sürət” (indiki “Aran”) qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib. 1994-2000-ci illərdə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru, 2000-2002-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun şöbə müdiri vəzifəsi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölməsinin sədri seçilib. Bədii tərcümə ilə ciddi məşğul olub.
Sevilən şair, tərcüməçi, ədəbiyyatşünas alim Ənvər Misir oğlu Əhmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
Rafil Hüseynov
Tahir Rzayev
Aqil Abbasov
Xaliq Mirzəyev
Rövşən Əhmədov
Sabir Sultanov
Məhsəti Ağayeva