ƏRZAQ BOLLUĞU ÜÇÜN ÖNƏMLİ ADDIM

Son illər respublikamızda iqtisadiyyatın mühüm sahələrindən olan kənd təsərrüfatının inkişafına dövlət diqqət və qayğısı xeyli artırılıb. Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən bu istiqamətdə uğurlu addımlar atılır. Görülmüş tədbirlər nəticəsində ölkəmizin hər yerində fermer təsərrüfatlarının, sahibkarlıq fəaliyyətinin, kənd təsərrüfatı müəssisələri şəbəkəsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar yaradılıb. Təsadüfi deyildir ki, rayonumuzda da bu sahədə önəmli tədbirlər həyata keçirilir. Rayonun Hindarx qəsəbəsi ərazisində yaradılmış Ağcabədi Taxıl Aqroparkı bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Sözügedən kənd təsərrüfatı müəssisəsi regionda məhsul bolluğu yaradılmasında, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan mərkəz kimi diqqəti çəkir. Ağcabədi Taxıl Aqroparkının icraçı direktoru Elman Kərimovun dediklərinə görə, burada kompleks kənd təsərrüfatı işləri həyata keçirilir.

Qeyd olunub ki, müasir əkinçilik və bağçılıq təsərrüfatlarının yaradılması layihəsi olan Aqroparkın ümumi sahəsi 3 min hektar təşkil edir. Həmin ərazinin 850 hektarı dövlət ehtiyat fonduna daxildir. Burada mövcud olan 1368 hektar əkin sahəsində arpa, buğda, qarğıdalı, pambıq, günəbaxan və digər kənd təsərrüfatı bitkiləri yetişdirilir. Aqroparkın 110 hektar sahəsində isə müasir badam bağı salınıb. Əkin sahələri və bağların suvarılmasında mənbə kimi Yuxarı Qarabağ kanalından, eləcə də subartezian quyularından istifadə edilir. Suvarma işlərində ən müasir sistemlər tətbiq olunur. Daha dəqiq desək, əkin sahələri damcılama və yağmurlama pilot sistemləri vasitəsi ilə suvarılır. Kompleks təsərrüfatda gündəlik istehsal gücü 150 ton olan yem zavodu və 100 ton olan yem paketləmə xətti də fəaliyyət göstərir. Ümumi dəyəri 35 milyon manat təşkil edən Aqroparkın yaradılması məqsədi ilə 9.8 milyon manat məbləğində güzəştli kredit verilib. Müəssisədə 41 nəfər daimi, 110 nəfər isə mövsümi işlərlə məşğul olur. Kollektiv üzvlərinin normal fəaliyyəti və səmərəli istirahətinin təşkili üçün burada hər cür şərait yaradılıb. E.Kərimov bildirib ki, işçilər gün ərzində yeməklə və yataqxana ilə təmin olunurlar.

Ötən il Aqroparkda ümumilikdə 3 min 94 hektar sahədən 20 min 721 ton kənd təsərrüfatı məhsulu istehsal olunub ki, onun da 2 min 240 tonunu buğda, 1932 tonunu arpa, 7 min 685 tonunu dən üçün qarğıdalı, 416 tonunu ot, 87 tonunu pambıq, 14 tonunu soya, 1705 tonunu qarışıq senaj və 6 min 642 tonunu digər məhsullar təşkil edib. Cari ildə Aqroparkda 466 hektar sahədə pambıq, 100 hektarda popkorn, 1177 hektarda qarğıdalı, 146,5 hektarda buğda, 1050,45 hektarda arpa, 10 hektarda isə yonca əkilməsi nəzərdə tutulub.

İcraçı direktor söhbət zamanı bunu da əlavə edib ki, Aqroparkda taxıl məhsulları üçün anbarlar, kənd təsərrüfatı texnikalarının saxlanılması və təmiri üçün texniki parklar təşkil olunub. Emal sexlərində satış məqsədi ilə silos hazırlanır.

E.Kərimov vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağcabədiyə növbəti səfəri zamanı Aqroparkda yaradılmış şəraitlə tanış olmaları əlamətdar hadisə kimi yadda qalıb. Dövlət başçısı və Mehriban xanım tərəfindən Aqroparkın fəaliyyətinin yüksək qiymətləndirilməsi kollektivin hər bir üzvündə ruh yüksəkliyi yaradıb, onları daha uğurlu nəticələr qazanmağa səfərbər edib.

Yəhya PAŞAZADƏ

Şərhlər