Musiqiçilər də şairlər kimi Tanrının istedad bəxş etdikləri bəndələrdəndirlər. Musiqini dinləyəndə feyziyab olur, ondan estetik zövq alırsan. Peşəkar, sanballı, yatımlı musiqi adama çox şeylər yaşadır, qəlbini riqqətə gətirir. Dünyanın, təbiətin necə qurulması, meydana gəlməsi barəsində istər-istəməz düşünürsən. Əsl musiqi insanın ömrünü uzadır, qəlbində xoşniyyətli ovqat yaradır.Musiqi ifaçıları təkcə ifaları ilə yox, həm də sifət cizgiləri ilə, mimikalarıyla bizlərə çox şey aşılaya bilirlər. Çünki onlar musiqini təkcə barmaqları, səsləriylə ifa etmirlər. Onlar içəridə, qəlblərinin dərinliyində yaşadıqlarını musiqinin dili ilə çatdırmağı bacarmaq qabiliyyətinə malikdirlər.
Bənzərsiz bir sənət beşiyi olan Qarabağın torpağı, havası, suyu da musiqidən yoğrulub. Burada hər şey musiqi ilə nəfəs alır. Qarabağa Tanrı əsrarəngiz gözəlliklə bərabər, musiqi çələngi bəxş edib. Və odur ki, qarabağlılar həmişə, hər yerdə musiqi ifa edir, dinləyir, ondan əvəzsiz zövq alırlar. Qarabağda məhşur musiqiçilərin doğulması, yetişməsi heç də təsadüfi deyil. Çünki bu torpaq özü şeir, sənət, musiqi beşiyidir. Haqqında söz açdığım musiqiçi də məhz belə bir torpağın yetirməsidir.
Şirinova Minayə Əhliman qızı 1979-cu il fevralın 3-də Laçın rayonunun Mayes kəndində dünyaya gəlib. O, hələ uşaq ikən musiqi həvəskarı olan atası evdə həmişə qara zurnada musiqi nömrələri ifa edərmiş. Bu həvəs qızı Minayəyə də sirayət edib. Minayə əvvəllər tütəkdə çalarmış. Sonra, 10 yaşında qara zurnada ifa etməyə başlayıb və o vaxtdan bu qədim musiqi aləti ilə müntəzəm təmasda olur. Necə deyərlər, onlar bir-birindən ayrılmırlar. O, bu alətdə təkcə mahnı ifa etmir, nəfəsi ilə musiqinin qayəsini, varlığını dinləyiciyə çatdırır. Minayənin ifası olduqca fərdi və özünəməxsusdur. O, nəfəsiylə səhnədə ifa etdiklərini, olduğu kimi yaşayır. Düşünən beyni və vuran ürəyindən keçirdiyi bu musiqini ətrafdakılara da yaşatmağı bacarır.
…Hələ ana bətnində olarkən aldığı ağır zədə nəticəsində doğulandan bəri onun gözləri görmür. Amma bu amil həyatda öz yerini tutmaqda, sözünü deməkdə ona mane ola bilmir. Minayədə həyat, yaşam eşqi o qədər güclü və tükənməzdir ki, o, ürəyi ilə hər şeyi görür, qavrayır. Hətta çox zaman bizim görə bilmədiklərimizi ürəyi ona göstərir. Psixoloji baxımdan çətin olsa da, ona bir sual verdim. İçəridən məni sıxan, deməyə çəkindiyim bir sualı dilə gətirdim. Nəfəsi barmaqların birbaşa köməyi ilə musiqiyə çevirib, ifa etməyin nə qədər məqsədyönlü və məntiqli olduğunu soruşdum. Minayənin cavabı da, hardasa qəlbimin dərinliyində gözlədiyim kimi oldu:
– Mən fiziki məhdudiyyətli olsam da, başqa tərəfdən bəxtim gətirib. Təvazökarlıqdan uzaq olsa da, bildirim ki, Tanrı məni çox sevir. O, mənə böyük, görən ürək verib. İstedadı əsirgəməyib. Ürəyimin istedad, dərketmə, görmə qabiliyyəti və tutumu çox böyükdür. Mən gözlərimin görə bilməməsi ağrısını, Qarabağ dərdini, köçkünlük həyatının məşəqqətlərini doğma torpaqdan ayrı, didərgin düşmək zülümünü görən ürəyimlə, nəfəsimlə barmaqlarıma ötürürəm. Sağ olsunlar barmaqlarımı, onlar da mənim içəridə keçirdiyim, yaşadığım fikir və duyğuları sözsüz anlayırlar. İnanın, istədiyimi musiqinin dili ilə insanlara çatdırmağı bacarırlar. Nəticədə quru nəfəs sözlü, tutumlu, mənalı, fikiryüklü musiqiyə çevrilir. Düşündürən, yaşam eşqi yaradan bir musiqiyə.
Minayə Şirinova fiziki məhdudiyyəti olan şəxslərin yarışmalarında müxtəlif illərdə 8 diploma layiq görülüb. Dövlət tədbirlərində yaxından iştirakına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Laçın rayon İcra Hakimiyyəti tərəfindən 5 dəfə Fəxri fərmanla təltif olunub. 2013-cü ildə ATV televiziya kanalının təşkil etdiyi “Tanıdım səni-2” layihəsində qalib gələrək “Fiat-Lineya” avtomobili ilə mükafatlandırılıb. Minayə onu da xüsusi ilə bildirdi ki, 2017-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Fəxri Mədəniyyət işçisi” adı alması və döş nişanı ilə təltif edilməsi onu çox sevindirdi. Bunu onun əməyinə verilən yüksək qiymət kimi qəbul edir.
Tütək, balaban, qarmonda ifa etməyi bacaran Minayə, zərb alətlərindən olan nağara çalmağı da yaxşı bacarır. Heç bir musiqi təhsili olmayan və qara zurnada ifaçılğı atasından öyrənən, 10 yaşından artıq toy və mərasimlərdə, səhnələrdə ürəkləri fəth edən, qəlbinin səsini musiqinin diliylə ətrafdakılara, dinləyicilərə çatdıran Minayə zarafatla deyir ki, “qara” günlərim qara zurna ilə təmasda olmağa başladığım andan mənimlədir. Artıq bu musiqi aləti ilə o qədər doğmalaşmışıq ki, həyatımın bir anını belə onsuz təsəvvür edə bilmirəm. Qara zurna mənim dərd sirdaşımdır.
“Sarı gəlin”, “Qaragözlü dilbərim”, “Naxçıvan yallısı”, “Cəngi” mahnılarını qara zurnada məharətlə ifa edən Minayənin öz sənət yolu, musiqiyə fərqli baxışı mövcuddur. O, çalışır ki, ifa etdiyi mahnılarda öz ifa tərzi olsun. Minayə qürurlu, məğrur, dəliqanlı “Cəngi”ni xüsusi zövq və ahənglə ifa edir. Onun ifa zamanı “Cəngi”yə gətirdiyi improvizasiya və keçidlər “Cəngi”yə yeni bir rəng qatır, onu daha təsirli, yatımlı, yanıqlı edir.
…Keçmişdə “Cəngi”nin sədaları altında qəhrəman Azərbaycan oğulları savaşa, döyüşə gedərlərmiş. “Cəngi” əsgər himni imiş. “Cəngi” sözü qədim türkcə savaş mənasını verir. Həyatın özü də axı elə savaş, mübarizə deməkdir. Yaşamaq, maneələri dəf edərək zamanla, səni əhatə edən düşmənlə mübarizə aparmalı,savaşmalı olursan…
…Qara zurnada özünəməxsus ifa tərzi ilə seçilən, xalqını ürəkdən sevən bu vətənpərvər insanla sağollaşıb, ayrıldıq. Və bir daha inandım ki, Minayə yaxın zamanda Laçına, o doğma yerlərə qayıdacaq və onun ifasında “Cəngi”nin sədaları Qarabağın dağlarına yayılacaq, sularına qovuşacaq, artıq bu torpaq ayrılığına son qoyulacaqdır.
Minayə deyir ki, o yerlərə getməyə çox tələsirəm. Bu yaxınlarda Laçınla bağlı videoverilişdən eşitdiklərim ürəyimi parça-parça elədi. Doğma torpağa qovuşmağım qəlbimin yaralarına məlhəm olacaqdır…
Adil MİSİRLİ