Müharibə bəşəriyyətin ağır xəstəliyi, soyqırım isə sağalmaz yarası hesab olunur. Xalqımızın Xocalı faciəsi də belə sağalmaz yaralarındandır. Bu dəhşətli faciə dünya xalqlarının XX əsrdə üzləşdikləri Xorosima, Sonqmi, Xatın, Holokost və sair kimi soyqırım aktları ilə müqayisə oluna bilər. Aradan 30 il keçməsinə baxmayaraq, onun vurduğu yaralar sağalmır. Yəqin ki, heç vaxt da sağalmayacaq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının canlı qüvvəsi və texnikasının köməyi ilə Xocalı şəhərinə soxularaq insanlığa sığışmayan vəhşiliklər törətdilər.
Bu qanlı cinayət nəticəsində şəhər yerlə yeksan ediib, xarabazarlığa çevrilib. Hücum zamanı cəlladlar qadınlara, uşaqlara və qocalara aman verməyərək, qətlə yetiriblər. Həmin vaxt 613 nəfər, o cümlədən 106 nəfər qadın, 63 nəfər uşaq, 70 nəfər qoca xüsusi qəddarlıqla öldürülüb. Ermənilər tərəfindən 1275 nəfər dinc sakin əsir götürülüb ki, onların 150 nəfərinin taleyindən indiyə qədər heç bir xəbər yoxdur. Bu dəhşətli faciə 8 ailənin tamamilə məhv olması, 25 nəfər uşağın hər iki valideynini, 132 uşağın isə valideynlərindən birini itirməsi ilə nəticələnib.
Əslində, Xocalı soyqırımı təcavüzkar erməni millətçilərinin torpaqlarımızı zəbt etmək, xalqımıza qarşı etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir. Xocalı faciəsi xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin tarixi xidməti sayəsində əsil siyasi qiymətini alıb.
Dövlətimizin həyata keçirdiyi ardıcıl, məqsədyönlü siyasət nəticəsində Xocalı faciəsi dünya dövlətləri tərəfindən geniş tanınıb. Həmin ölkələrin sayı 10-dan çoxdur.
Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri vardır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kompaniya çərçivəsində hər il keçirilən silsilə tədbirlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Xocalı faciəsini törətməklə ermənilər torpaqlarımızı zorla ələ keçirsələr də , xalqımızın iradəsini qıra bilmədilər. Faciə soydaşlarımızı birləşdirdi, daha da mətinləşdirdi, igid Vətən oğullarının torpaqlarımızın bütövlüyü naminə qətiyyətli mübarizəyə səfərbər etdi.
2020-ci ilin 27 sentyabrında başlanan 44 günlük Vətən müharibəsində qəhrəman Milli Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməklə yeni bir tarix yazdı. Müharibə zamanı “dəmir yumruq” xariqələr yaratdı, qalib gəldi. Qazanılmış parlaq qələbə sayəsində Xocalı qurbanlarının da qisası alınd, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Vətən bütövləşdi. Xalqımız öz Prezidentinin ətrafında yumruq kimi sıx birləşərək, yeni bir tarixi reallığa qovuşdu.
İslam ƏHMƏDOV
Ağcabədi Rayon Qeydiyyat şöbəsinin rəisi