Ənvər Əhmədin bədii yaradıcılığını bir yerə toplayıb nar kimi sıxmaq mümkün olsa oradan süzülüb gələn müqəddəs hiss və duyğuların damcılayan döyüntüsündə “Qa-ra-bağ!” sədası eşidilər… Əsərlərinin nəbzində Qarabağ ahəngi, Qarabağ ruhu çağlayır… Onun həyatı, iç dünyası heç vaxt Qarabağsız qalmayıb. Şəhərdə darıxanda, insanlardan inciyəndə, küsəndə Qarabağa doğru üz tutardı…
Səkkiz il əvvəl – 2014-cü ilin aprel ayının əvvəlləri idi. Məni Ağcabədiyə, onunla bağlı Mədəniyyət sarayında keçiriləcək bir görüşə dəvət etdi. Dördcildlik “Seçilmiş əsərləri”ni avtoqrafla hədiyyə edərək orada çıxış edəcəyimi də bildirdi. Avtoqrafında yazırdı: “Görkəmli elm xadimi, torpağımın bal kimi şirin oğlu, filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə dərin hörmətlə. Müəllifdən. 07.04.2014.”
Bal kimi şirinliyi hər zaman Ənvər müəllimdən hiss etdiyim üçün fikirləşmədən Ağcabədiyə getməyə məmnuniyyətlə razılıq verdim. Ağcabədi Rayon İcra Hakimiyyəti ilə Azərbaycan Yazıçılar Birliyinin Ənvər Əhmədin yaradıcılığına həsr edilən birgə tədbiri çox möhtəşəm keçdi. Burada AYB-nin rəhbərliyi – Anar müəllim, Fikrət Qoca, Rəşad Məcid, Xəyal Rza, millət vəkilləri Aqil Abbas, Tahir Rzayev, Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, tanınmış ziyalılar, təsərrüfat rəhbərləri, poeziyasevərlər iştirak edirdi. Sabahı gün AYB Qarabağ bölməsinin geniş iclası oldu. AYB-nin qurultayına seçilən nümayəndələr arasında adımı görəndə doğrusu unudulmaz təəssürat yaradan hisslər keçirdim. Bu Ənvər Əhmədin mənə hazırladığı və heç bir zaman unutmayacağım sürpriz idi. Bölmənin iclasından sonra həmin gün yığcam tərkibdə Ağdama doğru üz tutduq. Evoğlu Qaradağlını keçdikdən sonra Ağdama gedən yolun dəmir “kirpi”lərlə bağlanmış hissəsinə qədər irəlilədik. O vaxtlar buradan o tərəfə getmək olmazdı… yağı düşmən öz yurdumuzda yollarımızı, qollarımızı kəsmişdi… Ənvər müəllim xəyallara dalaraq gözlərini torpağa zilləmiş, nurlu çöhrəsinə kədər buludu çökmüşdü… Nədəni … məlum idi. Elə bil o torpaqla danışırdı, “bal kimi şirin” Qarabağ torpağı ilə:
Qarabağ ağlayır, göz yaşı qandır,
İçilir həyatda Qarabağ andı.
Dünyanın Qarabağ adlı yası var,
Dünyanın nə boyda qəm dünyası var…
Ənvər Əhməd poeziyanın məcrasına sığmayan elmi düşüncələrini, tədqiqatlarını dissertasiya janrında yazıb bitirmək, yekunlaşdırmaq arzusunda idi. Hətta elmlər doktoru elmi dərəcəsi almaq üçün Əlyazmalar İnstitutundan mövzu da götürmüşdür. Təbii ki, mövzu Qarabağla bağlı idi və belə adlanırdı: “XIX əsr Qarabağ şairlərinin yaradıcılığında milli-mənəvi dəyərlərin bədii təcəssümü.” İş Əlyazmalar İnstitutunun Elmi şurasında və AMEA Humanitar və İctimai Elmlər Bölməsində təsdiq edilmiş, mən isə tədqiqatın elmi məsləhətçisi təyin olunmuşdum. Ənvər müəllim bir neçə il tədqiqat işinə ciddi yanaşdı, XIX əsr Qarabağ şairlərinə aid çox nadir məxəzlər topladı. XIX yüz il Qarabağlı şairlərinin şeirlərini bənzərsiz təhlil edir, əzbərdən söylədiyi beytlərin, bəndlərin alt qatlarından, görünməyən tərəflərindən bəhs edirdi. O poeziyanı dərindən duyur, incələyir və çox mükəmməl dəyərləndirməyi bacarırdı… Sonralar şəkər xəstəliyinin əsarəti altında əzablı bir həyat yaşamağa məruz qaldı… Bir ay öncə zəngləşdik… özünü yaxşı hiss etdiyini söylədi. Şuşaya gedə bilmədiyindən, ağır xəstəlik keçirdiyindən söz açdı. Vədələşdik ki, Novruz bayramında Şuşaya gedək… Amma sən saydığını say…
Yuxuda gördüm ki, ölmüşəm, ölüm,
Rahatca əyləşib sinəmin üstdə.
Bağrım pörsələndi, keyləşdi dilim,
Nitqimdən daş yağdı bu son nəfəsdə…
Gördüm bayraq olub oğlumun əli,
Qızımın gözündən yaş axır sel tək…
Ənvər Əhməd uzun illərdən bəri qəlbində daşıdığı Qarabağ ağrısını, sızıltısını, nisgilini atıb bu dünyadan getdi… O əzəmətli, möhtəşəm, canlı, yeriyən QARABAĞ heykəli idi… Varlığında, düşüncəsində, ruhunda Qarabağ simvollaşırdı… Qarabağın azad edilməsi, Şuşanın yağı düşmənlərdən təmizlənməsi, Cıdır düzündə Vaqif poeziya günlərinin, Xarı bülbül musiqi festivalının keçirilməsi onun mənəvi dünyasına işıq salmışdı, milli ruhunu dirçəltmişdi… Getdi… Getdi ki, şeirlərini sevə-sevə oxuduğu, təbliğ və təqdim etdiyi Qarabağlı şairləri müjdələsin…
Bakı, 17.02.2022