…Ölüm nə qədər haqq olsa belə
Sözü, fikri diri olana öldü deməzlər…
Görkəmli ədəbiyyatşünas, zəmanəmizin böyük ziyalısı, hər bir yurddaşımızın güvənc yeri kimi tanıdığı ictimai xadim, bizim ailəyə — Zal oğullarına da doğma (şairin babasının da adı Zaldır) təpədən dırnağa türk, turan, Qarabağ, Vətən sevdalısı bir insanı — şair Ənvər Əhmədi də əbədiyyətə yola saldıq. Kövrək qəlb, nisgilli ürəklə, həsrət, hicran yanğısı ilə dərdlərə sinə gərərək 78 sənəlik bir ömür yaşadı, az qala 50 ili haqlayan zəngin bir yradıcılıq yolu keçdi. Azərbaycanı qarış-qarış gəzən, onun hər daşına, qayasına, çayırına-çölünə, yovşan ətirili düzlərinə şeir, nəğmə, bayatı həsr etmiş Ənvər Əhmədin itgisilə Azərbaycan poeziyası da özünün ağır, qüssəli, kədərli günlərini yaşadı. Çünki Ənvər Əhməd qədər sənətə, poeziyaya, böyük sözün ruhuna doğma adamlar az-az tapılır.
Bir ömürdə bir neçə müharibənin şahidi oldu. Uşaqlıq illəri İkinci Cahan savaşının ortalarından başlayıb. Sonralar Birinci və İkinci Qarabağ savaşının canlı şahidi olub. Ermənistandan zorla deportasiya olunmuş yüzlərlə, minlərlə soydaşımızın göz yaşı, ağrı-əzab yüklənmiş karvan-karan köçünü də görüb. Bütün bunlar onun poeziyasında, müxtəlif janrda yazılmış əsərlərində tarixləşib. Şair, yazıçı, pedaqoq, filosof Ənvər Əhmədin yaradıcılığı sənət xatirinə yazılmayıb. Bu yaradıcılıq daim Vətən tariximizin ağrılı salnaməsini əks etdirib. Tərəkəmə, elat dünyasının içərisində böyüdüyünə görə Azərbaycan təbiətinin cazibəsi, onun bütün əlvanlığı da poetik ruhunun əsas mənbələrindən biri idi. “Tərəkəmə” poeması şairin nəhəng sənət ağacının budağından asdığı yurd yaddaşımızın həmişəyaşıl bir yarpağıdır…
Rəsmi mənbələrdə Ağcabədi rayonunun qədim Salmanbəyli kəndində doğulduğu yazılsa da özü deyirdi ki, mən Kəlbəcərin Sarıyer yaylağında doğulmuşam. İnsan doğulduğu mühitə nə qədər bənzəyərmiş… Ənvər Əhmədin ruhunda – cismani, mənəvi həyatında dağların əzəməti, vüqarı, gözəlliyi özünəməxsus çalarlarilə təcəssüm olunurdu.
Sonuncu dəfə bir neçə il əvvəl redaksiyamıza gəlmişdi. Baş redaktorumuz şair Əli Mahmudla da doğma qardaş kimiydilər axı… Bir-birlərilə şirin zarafatlar edər, illərin o tayında qalmış xatirələrini səhifə-səhifə çevirər, Qarabağlı günləri yada salardılar.
Uşaq vaxtı adını xatırlamadığım bir Amerika yazıçısının “Mənim qəlbim dağlardadır” adlı hekayəsini oxumuşdum. Əsərin qəhrəmanı qoca bir səyyahdır. Məmləkətin hər bir yanını payi-piyada gəzib dolaşan pirani bir kişinin obrazı bu gün də hafizəmdən silinmir. Vadidəki bir kəndə çatanda qarşısına ilk çıxana, “ciyərim yanır, mənə bir stəkan su ver, axı mənim qəlbim dağlardadır” deyən səyyahı da xatırlayıram bu gün. Dünyadan köçən Ənvər Əhməd olsa da… Qoca səyyahla qocaman şairi bağlayan telləri görürəm. Onlar hər ikisi dağların oğlu idi.
Yadımdadır ki, Ənvər Əhməd axırıncı dəfə redaksiyamıza gələndə həmin o qoca səyyah kimi tez-tez su istəyirdi. Şairin ürəyini, qəlbini yandırıb yaxan bir tərəfdən canındakı naxoşluq idisə, bir tərəfdən də talan olmuş, dağıdılmış, daşı-daş üstə qalmamış yurd yerlərimizin acı göynərtisi idi. Hər sözündə, hər kəlməsində sinəsindən qalxan od nəfəsli dağların ahını, amanını hiss etməmək olmurdu. O, gah Şuşadan, gah Laçından, gah Xocalıdan, gah da doğulduğu Kəlbəcər yayalaqlarından ürək ağrısı ilə danışır, doğma yerlərdə keçirdiyi günlərin acı qəhərini – həsrətini canından çıxarmaq istəyir, həm də Vətənin, xalqın taleyilə səsləşən bu xatirələrini şirin bir pay kimi sanki ovcumuzun içinə qoyurdu.
Bəli, Ənvər Əhməd dağların ruhu idi. Təsadüfi deyil ki, onu ədəbiyyata gətirən ilk şeiri də “Dağ və mən” adı ilə yaddaşlarda qalıb. Poetik yaradıcılığını təkcə ruhumuzun xəritəsi deyil, həm də dağlarımızın, aranlı, yaylaqlı coğafiyamızın sənətkarlıqla cızılmış xəritəsi hesab etmək olar.
Onun şeirlərində ana Vətən bütün əlvanlığı ilə göz oxşayır, şairin duyğularını, əbədiyaşar düşüncələrini oxuduqca Vətən torpaqlarını da qarış-qarış, ilmə-ilmə, naxış-naxış gəzib dolaşırsan. Onun sənəti, onun qələmi, onun qəlbi insana dağların döşündən çağlayan bulaqlar qədər saf bir ülviyyət şərqisi oxuyur. Bu şərqiylə – Çalbayırdan, Murad təpəsindən, Sarıyerdən, Ceyran bulağından, Qırxqızdan, Dəli dağdan, Çilgəz yaylağından, Qaraarxacdan, Yüzbulaqdan, Əyriqayadan, İşıqlıdan, Uzun yaldan, Ağ qayadan, Mıxtökəndən, Səbətkeçməzdən keçir, Qarabağın tərəkəmə oylaqlarını yada salırsan.
Azərbaycan Yazıçlar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetinin keçmiş rektoru Ənvər Misir oğlu Əhmədin qazandığı mükafatları, elmi-pedaqoji fəaliyyətinin göstərici olan titulları o qədər çoxdur ki, hamısını birlikdə sadalamaq olmur. Əziz hesab etdiyim mükafatlarından biri “Xudu Məmmədov adına mükafat”ıdır. Bu mükafatın dəyəri mənim aləmimdə ayrıca yer tutur. Xudu Məmmədov Azərbaycanın – Vətənin, xalqın taleyini düşünən böyük ziyalısı idi. Bu sırada Ənvər Əhmədin də öz ləyaqətli yerini görürəm.
Ənvər Əhməd şairlikdən öncə aqil insan idi. Öz keçmişinin — Azərbaycanın tarixi keçmişinin üzərində möhkəm dayanmışdı. Hətta o qədər möhkəm ki, onun mənəvi yaddaşda, sənətin pozulmayan üzündə daşlaşmış ləpirlərini də gələcək nəsillər hökmən görəcək.
Keçmiş, insan ruhunun Vətənidir. Ənvər Əhməd bizim üçün həm də o keçmişdir ki, biz ona o taylı, bu taylı Vətənin bütöv siması kimi baxa bilirik. Maraqlıdır ki, şair, alim — Vətən tarixinin salnaməsini əzbər bilən Ənvər Əhmədin səsini eşidəndə diqqətimizi cəmləyir, onun səsinin titrəyişini duyur, onun mənəviyyatından keçib gələn ağrı-acıların, böyük dərdlərin qüssəsini, ələmini hiss edirdik. Şair hər ötən günə həyatın geridönməz bir parçası kimi baxır və bu səbəbdən də ötən hər an şair üçün qədir-qiymət ucalığında idi.
…Qəbrimi bu Vətən
boyda qazın ki,
Dərdimin kəfəni
Vətən boydadır.
Hələ bu misraları yada salmamışdan öncə demişdim ki, Ənvər Əhməd Vətəndir. Dərdi bütöv, özü para-para olmuş Vətənin yanan ürəyi, düşünən yaddaşı, görən gözü…
Sənətin bütün sahələrində uğurla qələm çalmış, parlaq istedad nümayiş etdirmiş şairin çoxlu kitablarını oxumuşuq. Bu kitablardan bizə Azərbaycan sevgisi, yurd məhəbbəti, işığa pərvanə olmaq istəyi qalıb. Ana, Vətən, təbiət dəyərləri öyrədib bu kitablar bizə. “Anamın izləri”, “Sevgi yurdu”, “Sevgi cavan qalır”, “Oğullar və qartallar”, “Bu qılınc pas ata bilməz”, “Dünya əlimdən sürüşür”, “Od qanı”, “Qanlı torpaq” və s. əsərlərinin özünü demirəm hələ, adları belə poetikcəsinə sıralanıb. Incə duyğuların, zərif hisslərin təcəssümünü əks etdirən bu kitablar şairin təkcə keçmişi deyil, həm də ölməyən gələcəyidir.
Keçmişin və gələcəyin qırılmaz telləri, zaman körpüsü timsalında yaddaşımızda əbədiləşən şairin nurlu siması hər zaman qəlbimizdə qalacaq. Sözün, torpağın, haqqın, yaxşı insan və yaxşı əməlin məcnunlarından biri kimi xatırlayacağıq onu. Gələcək nəsillər Vətən, ana, ata, müəllim sevgisini həm də onun əsərlərindən öyrənəcək.
Götürün yolları üfüqdən asın,
Bir ana izi də tapdalanmasın!
Nə qədər şairanə, nə qədər obrazlı bir deyim. İki müqəddəsliyin — yol və ananın əbədi ehtiramla xatırlanan poetik tablosudur bu iki misra.
…Şeirlərindən torpaq, yurd ətri, dünyaya və həyata sevginin özü boylanan şairin unudulmaz, şirin ünsiyyəti, şəxsiyyətinin bütün çalarlarını işıqlandıran harmoniyası, onun sönməyən poetik idealı yadıma hər dəfə bayaq xatırladığım qoca səyyahın hekayətini salacaq. Ənvər Əhməd dağların ruhu idi. Kim bilir, bəlkə elə dağların da qəlbi onda idi.
Xasiyyətində, davranışında bir bayatı qədimliyi, bir bayatı həzinliyi də hiss etmişəm həmişə. Bəlkə elə ona görədir ki, ulu bir bayatı misrası da indi dilimin ucundadır:
“Yeri dağlarım, yeri” misrasını deyirəm.
Öz bəndindən, öz odasından ayrı düşüb, təklənibmi bu misra? Fərqində deyiləm. Amma bu mətnə, bu yazıya çox yaraşır. Ənvər Əhmədə dağ demişəm, çünki, yurdun ağrısını, torpağın naləsini sinəsində dağ edib. İndi də yeri dağlarım, yeri deyirəm…
Nə yaxşı ki, bu dağ ruhlu, yaradıcılığı dağ cüssəli bu şair torpaqlarımızın azadlıq sevincini yaşadı. Zəfərimizi, qələbəmizi gözlərilə gördü. Bizə dağ çəkmiş, evimizi-eşiyimizi yandırmış, bostanımızı-bağımızı viran qoymuş düşmənin belinin qırıldığını, Cəbrayılda, Füzulidə diz çökdüyünü, Laçında, Kəlbəcərdə, elə Şuşa zirvəsində qan ağladığını gördü, amma yenə də nisgilli köçdü. Əbədiyyətə ürəyində kədər, qəm apardı. Düşünürəm ki, heç kəs o kədəri, o qəmi silə bilməzdi. Şair səhhətindəki mərəzlə bağlı Şuşanı görə bilmədi. “Xarı bülbül” festivalı da Ənvərsiz keçdi. Doğulduğu Kəlbəcərin Sarıyer yaylağını ziyarət etmədən vurğunu olduğu torpağın bağrına köçdü…
Fəqət, arzuladığı gün çin oldu, istədiyi Günəş doğdu. Düşmənin bizi Aran çöllərinə sıxışdırdığı, varlığımızı büzüşdürdüyü günlərdə yazdığı misraları vardı.
Dərdlərimiz hamilədir,
Qeyrət doğar Azərbaycan!
Bu dünyanın gözlərindən,
Heyrət doğar, Azərbaycan!
Şairin sözü, fikri diridir, artıq arzulara, istəklərə qovuşmuş bir fikirdir. Sözü, firki diri olan şairə öldü demək olmaz. Ölüm nə qədər haqq olsa belə…