İşğaldan azad olunmuş ərazilərdə meşəsalma işləri genişləndirilir

         Ağcabədi regional Meşə Təsərrüfatı Mərkəzi 2018-ci ildə təşkil olunub. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin tabeliyində olan sözügedən Mərkəz Ağcabədi, Beyləqan və İmişli rayonlarında meşələrin mühafizəsi və bərpası işlərini həyata keçirir. Adıçəkilən regional mərkəzin direktoru Cahid Məmmədovun sözlərinə görə, meşəçilik təsərrüfatının 96 nəfərdən ibarət kollektivi 3 rayonun ərazisini əhatə etməklə, 16 min 293 hektar meşə sahəsinə xidmət göstərir. Bildirilib ki, həmin meşəçilik sahələrində Eldar şamı, göyrüş, qarağac, tut, çinar, ağcaqayın, qovaq, akasiya, iydə və bir çox ağac növləri mühafizə olunur.

Regional meşə təsərrüfatında yetişdirilən ağac tinglərindən mövcud meşə zolaqlarının təmir və bərpası işlərində geniş istifadə olunur.

Cahid Məmmədov söhbət zamanı xüsusi ilə vurğulayıb ki, Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzi tərəfindən 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə də meşə zolaqlarının salınması işləri aparılır. Ölkə Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi ilə əlaqədar göstərişlərini, Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq tapşırıqlarını rəhbər tutaraq, kollektiv tərəfindən ötən 2021-ci ildən etibarən bu işlərə geniş start verilib.

Artıq Zəngilan, Cəbrayıl, Füzuli, Şuşa,Kəlbəcər, Laçın rayonlarının azad olunmuş ərazilərində həmin il 13 min 670 ədəd müxtəlif növdən ibarət ağaclar əkilib. Qeyd olunan dövrdə göstərilən bölgələrin müxtəlif ərazilərinə 1700 kiloqramdan çox palıd toxumu səpilib. Bununla yanaşı işğaldan azad olunmuş Ağdam rayonuna da ayrı-ayrı növlərdən ibarət tinglərin verilməsi də təşkil olunub. Direktor bunu da əlavə edib ki, cari ildə göstərilən ərazilərdə ağac əkini işləri uğurla davam etdirilib. Hazırda Zəngilan şəhərinin girişində ağac əkini geniş vüsət alıb. Burada 30 hektar ərazidə şam, çinar, sərv, göyrüş, tuya və sair növlərdən ibarət 30 min ədəddən çox ağac əkilib. Sözügedən bölgədə meşə zolağının salınması planlaşdırılıb. C.Məmmədovun dediyi kimi, meşəsalma tədbirləri əsasən minadan təmizlənmiş ərazilərdə həyata keçirilir. Müəssisə rəhbəri söhbətin sonunda görülən işlərin müvəffəqiyyətlə təmin olunmasında kollektiv üzvlərindən Qismət Abbasov, Azər Mehdizadə, Firdovsi Qədirov, Şiraslan Talıbov, Maarif Aslanov, Məhəmməd Məhəmmədov və başqalarının fərqləndiyini xüsusi ilə  qeyd edib.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər