Folklor nümunələrimiz toplanarkən nədənsə daha çox çağdaş janrlara daha çox yer verilir. Arxaik folklor janrlarına aid edilən sınamalar, ovsunlar, fallar, andlar, dualar, alqışlar və qarğışlar o qədər də geniş şəkildə toplanmır. Əslində janr bölgüsünün şərti olduğu məlumdur və qeyd etdiklərim arxaik janra aid edilsə belə, yenilənir, fərqli nümunələr yaranır. Bu baxımdan onların toplanması folklorumuzun daha da zənginləşməsi deməkdir. Buna görə də çətinliyinə,vaxt aparmasına baxmayaraq, bütün folklor nümunələri yaşlı nəslin, eləcə də bu sahə ilə maraqlanan insanların söz boğçasından, yaddaşından toplanmalı, dərc olunmalıdır ki, itib-batmasın.
Məlum olduğu kimi, I Qarabağ müharibəsi dövrundə öz doğma od-ocağından, yurd-yuvasından didərgin düşən insanlarımız müxtəlif bölgələrdə məskunlaşdılar. Bunun folklorumuza vurduğu zərbənin bəlkə də fərqində olmadıq. Amma təsəvvür edirsiniz, bu illər ərzində bir yerdə yaşayan müxtəlif bölgələrin adamlarının istər-istəməz şivələri, dialektləri dəyişdi, qarışdı, özünəməxsusluğunu itirdi. Əkinçilik, qoyunçuluqla məşğul olan insanlar fərqli mühitlərə düşdükcə onların nəğmələri də, deyimləri də, məsəlləri də düşdükləri mühitə uyğun olaraq dəyişdi. Bu illər ərzində nə qədər yeni deyimlər, söyləmələr, nəğmələr yarana bilərdi. Amma yenə də gec deyil. Biz folklorumuza diqqət ayırdıqca, eşitdiyimiz hər bir nümunəni olduğu kimi bir dəftərçəyə qeyd edib saxladıqca,lazım gəldikdə aidiyyatı yerlərə təqdim etdikcə özümüz də bilmədən çox böyük iş görmüş olarıq. Bu gün ağcabədililərdən eşidib topladığım bir sıra nümunələri təqdim edəcəyəm. Amma bunun davamlı olması və nə zamansa bir kitab halında çap edilməsi üçün sizlər də yardımçı ola, öz adınızı bu təşəbbüsün dəstəkçiləri sırasına yazdıra bilərsiniz.
Məhsəti MUSA
Bayatılar
Qaranquşam, qalxaram,
Qanatdarım çalxaram.
Desələr yarın gəlif,
Xəsdə olsam qalxaram.
* * *
Aynanın dalı qara,
Söykəmişəm divara.
Söz verdin, geri durdun
Beilqar, üzüqara.
* * *
Gün çıxdı, dağa düşdü,
Şögəsi bağa düşdü.
Sənin bu müşgül işin
Nə yaman çağa düşdü?!
* * *
Gəldi, haradan gəldi?
Göydən, qaradan gəldi.
Oturmuşdux şad ikən,
Bu sel haradan gəldi?
* * *
Gəlifdi yaralılar,
Göylülər, qaralılar.
Ağlasın dərtdi olannar,
Dinşəsin yaralılar.
* * *
Vurufdu talxa məni,
Göstərmə xalxa məni.
Getməz ağzım ajısı,
Min gölə çalxa məni.
* * *
Yeri, çiskinim,yeri,
Duman-çiskinim, yeri.
Yaxşı günüm qurtardı,
Bu da pis günüm, yeri.
* * *
Göydə qar havası var,
Yağış, qar havası var.
Anaynan balanın
Ayrılıx davası var.
* * *
Köynəyin ağ saxlaram,
Yuyaram, ağ saxlaram.
Bir də əlimə düşsən,
Yüz il qonax saxlaram.
* * *
O tayda qarğılıxlar,
Suda oynar balıxlar.
Nə belə istəy olsun,
Nə belə ayrılıxlar.
Axşamın şöynüsünə,
Şeh düşüb şöynüsünə.
Yandırram gözüm yağın,
Sən gəlsən şöynüsünə.
* * *
Köynəyin müjə-müjə,
Geymişəm müjə-müjə.
On iki şam yandırram
Sən bizə gələn gejə.
Andlar
● Atamın goru hakqı
● Atamın canı hakqı
● O göydəki Allah hakqı
● Ay toooba (tövbə)
● Babamın göru hakqı
● Babamın üz qoyduğu torpax hakqı
● Həzrəti Abbas hakqı
● 12 imam hakqı
● Seyid Cavadın cəddi hakqı
● Seyid Mürsəl ağanın cəddi hakqı
● Bu suyun mələhləri hakqı
● Quran hakqı
● Meçit(məscid) hakqı
● Ojax hakqı
● Çörəh hakqı
● Əli yolu hakqı
● Seyitdərin cəddi hakqı
● Dədəmin goru hakqı
● Balamın ölmüşü haqkı
● Balaa, balamın canı hakqı
● Dədaa, dədəmin göru hakqı
●Ölənnərimizin üz qoyduğu torpax hakqı
● O işığa kor baxım ki…
● Bu qənd kimi gözüm ağarsın ki…
● Seyitdərin cəddi maa qənim olsun ki…
● Balamın canına and olsun ki…
Alqışlar
ᴥ Allah köməyin olsun
ᴥ Allah ataa rəhmət eləsin
ᴥ Allah balaa saxlasın
ᴥ Allah bəxdıı, taleyıı versin
ᴥ Allah ürəyıı aşsın (açsın)
ᴥ Günün, baxdın ağ olsun
ᴥ Allah səni minbudağ eləsin
ᴥ Taarı (tanrı) səni neyniyim nejeliyim eləməsin
ᴥ Səni bəxdəvərrərdən olasan
ᴥ Ağ günnü, ağ əpbəhli olasan
ᴥ Səni Tur dağına dönəsən
ᴥ Allah səni göyərtsin
ᴥ Evin abad olsun
ᴥ Süfraaz açığ olsun
ᴥ Balalarınnan yarıyasan
ᴥ İmanın kamil olsun
ᴥ Muradaa çatasan
ᴥ Halal südəmmişə irast gələsən
ᴥ Allah başınnan töhsün
ᴥ Allah kölgaa əsgih eləməsin
ᴥ Allah nəzərin üstuuzdan çəhməsin
ᴥ Uğurun xeyir olsun
ᴥ İşin avand olsun
ᴥ Urzaaz bol olsun
ᴥ Şirin ağıznan yeyəsən
ᴥ Gəlin gətirif, nəvə buyurasan.
ᴥ Oğul evləndirif, gəlin buyurasan
ᴥ Allah canıı saxlasın
ᴥ Əli səni hooolasın (hovlasın)
ᴥ Əli fəryadaa yetsin
Qarğışlar
* Öləndə üstündə su tapılmasın
* Al qanın göl olsun, göl qanın xırman
* Yanaa sirkə sarımsaxnan gəlsinnər
* Qapılar açıf içəri girmiyəsən
* Səni afat aparsın
* Qabağınnan duru sular axmasın
* Səni şil qalasan
* Boyaa qamış ölçüm
* Boyaa boz qatma ölçüm
* Əlin ələ dəyməsin
* Yurdunda bayquş ulasın
* Əlıı xınası qarəəlsin
* Yurdun boş qalsın
* Başın kalafada qalsın
* Seyitdərin cəddi belıı qırsın
* Səni yerə quyuluyum
* Adın daşdara yazılsın
* Dərdaa dərman tapılmasın
* İyid arxan yerə dəysin
* Gərdənin oxalansın
* Əlin quru yerə dəysin
* Saa çər dəysin
* Allah saa qotur versin, dırnax verməsin.
* Səni iv-iv olasan
* Səni iyim-iyim olasan
* Səni piltim-piltim olasan
* Dilaa qıyıx keşsin.
* Üzün qara, çörəyin para olsun.
* Qolların qırılsın, böyraa qələm olsun.