Canlı şahid

   Xidməti iş üçün Bakıya getməli idim. Bu qərara gəldim ki, Bərdə dəmiryol stansiyasından qatarla gedim. Vaqona daxil olub  kupe yoldaşlarımla salamlaşdım və biletdə göstərilən yerdə əyləşdim. Kupe yoldaşlarım, əlli-əlli iki yaşlı  kişi və təxminən  on səkkiz yaşı olan qəşəng bir oğlan  idi. Aralarında olan bənzəyişdən hiss etdim ki, onlar ata-baladır.  Kupemizə  qırx yaşlarında daha  bir kişi də daxıl oldu. İndi kupemiz tam dolmuşdu. Bir azdan qatarın başına qoşulmuş  teplovoz  uzun bir fit verdi və qatar tənbəl uşaqlar kimi ağır-ağır yerindən tərpəndi.  Vaqon bələdçisi gəlib sərnişinlərin biletlərini yoxladıqdan sonra mən yola körpü salmaq üçün dedim:

-Biz bir neçə saat yol yoldaşı olacağıq, gəlin tanış                            

olaq. Mənim adım Əlidir, jurnalistəm, qəzet üçün hazırladığım materialları redaksiyaya aparıram.

Vaqona axırda daxil olan sərnişin cəld dilləndi:

-Mən ticarətlə məşğulam. Bakıya, bazara  yük maşını ilə mal göndərmişəm. Tezdən onu bazarda qarşılamalıym. Adım Cabirdir.

Kupedə bizdən yaşlı olan kişi bir qədər fikrə getdi, sonra təmkinlə dilləndi:

-Mənim adım Həmiddir, bu cavan oğlan da mənim oğlumdur. Adı Babəkdir. Biz 1992-ci lin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıdan çıxanda, sol ayağı donmuşdu. Uzun müalicədən sonra sağaldı. Ancaq  bir ayağı o birisindən üç santimetr gödək oldu . Yüngülcə axsayır, adam hiss etmir. Özü də sağlam oğlandı, idmançıdı, yaxşı futbol oynayır. İndi əsgərlik yaşı catıb. Bu günlərdə çağırmışdılar hərbi komissarlığa. Həkim komissiyasından keçəndə deyiblər ki, sən hərbi xidmətə yaramırsan, əlilliyin var. İndi mən onu aparıram Biləcəriyə. Orada Mərkəzi hərbi həkim komissiyasında sübut edəcəyəm ki, mənim oğlum əlil deyil, hərbi xidmətə yararlıdır və vətənimizi qoruya bilər!

 Həmid sözünü tamamlayıb fikrə getdi. Sükutu birinci Cabir pozdu:

-A kişi, sənin işin-gücün qurtarıb. Xalq gedib tanış tapır, xərc çəkib  uşağını əsgərlikdən saxladır, sən də oz uşağını qabağına qatıb aparırsan Biləcəriyə.

Öz sözündən razı qalan Cabir hırıltı ilə güldü. Həmidin qaşqabağı tutuldu. Hiddətli nəzərlə Cabirə baxıb dilləndi:

-Babəkin anasını da, on bir yaşlı bacasını da həmin gecə ermənilər bizim gözümüzün qabağında öldürüblər…

   Kupeyə dərin bir sükut çökdü. Vaqonun yırğalanması, vaqon təkərlərinin yeknəsək taqqıltısı, qatarın başına qoşulmuş teplovozun fışıltısı bu sükutun fonunda  daha da kəskin hiss olunurdu. Mən özümü saxlaya bilmədim:

-Həmid kişi, mən kupe qonşularım adından sızdən üzr istəyirəm. Yəqin ki, Cabir sizi  incitmək istəməzdi, – deyib Cabirin üzünə baxdım. Cabir mənim nə istədiyimi başa düşüb Həmidə tərəf  döndü:

-Məni bağışlayın, Həmid əmi, bilmədim, xətrinizə dəydim.

 Mən Həmidin hansı hisslər keçirdiyini başa düşürdüm. Ona ürəyini boşaltmaq lazım idi. Odur ki, üzümü ona tutdum:

-Həmid kişi, bilirəm, sizin üçün çox ağır xatirələrdir. Ancaq mümkündürsə danışın! O gecə nələr baş verirdi?! Mən mətbuatdan bu barədə çox eşitmişəm. Ancaq bir jurnalist kimi həmin gecə baş verənləri canlı şahiddən eşitmək daha real olar.

 Həmid xeyli dinmədi. Əlini cibinə salıb siqaret qutusunu çıxardı. Bir siqaret götürüb dodaqları arasına qoydu. Mən tez alışqanı onun siqaretinə yaxınlaşdırdım. O siqareti hərisliklə sümürüb tüstüsünü burnundan buraxdı. Sonra ağır-ağır sözə başladı:

-Xocalı neçə vaxt idi mühasirədəydi. Ermənilər hər gecə şəhəri top atəşinə tutur, raketlər atırdılar. Evlər dağılır, adamlarımız yaralanır, ölənlər də olurdu. Ancaq heç kim öz doğma torpağını, yurd-yuvasını  tərk etmək istəmirdi. Əli silah tutan kim vardısa, hamı şəhərimizin müdafiəsinə qalxmışdı. Bir həftə əvvəl ermənilər Qaradağlı kəndini yandırıb yüzdən artıq azərbaycanlını öldürmüş, xeyli adamımızı əsir götürmüşdülər. Kəndin sağ qalan əhalisi  çox çətinliklə özlərini Ağdama çatdıra bilmişdilər. Xocalılar isə hələ də dözür, Bakıdan, Ağdamdan kömək gələcəyinə ümidlərini itirmirdilər. Gecə saat  23.00-da ermənilər başladılar şəhəri tanklardan, toplardan, PDM-lərdən və iri çaplı  pulemyotlardan atəşə tutmağa. Şəhərdə işıq yanmırdı. Erməni quldurları 7-8 ay idi ki, işıqları kəsmişdilər. Şəhərin özünümüdafiə batalyonunun döyüşçüləri düşmənin bu hücumuna ancaq əllərində olan avtomat silahlardan  nizamsız atəşlə cavab verirdilər. Ermənilər  şəhərdə nə qədər silahlı qüvvə olduğunu dəqiq bilirdilər, onların kəşfiyyatçıları müntəzəm olaraq məlumat toplayırdılar. Şəhər hər tərəfdən atəşə tutulurdu. Adamlar bilmirdilər ki, hara qaçsınlar. Arvad-uşaq, qoca, hamı çaş-baş qalmışdı. Canlarını qurtarmaq üçün  gizlənməyə yer axtarırdılar. Ancaq mümkün deyildi. Hər tərəfdən od yağırdı. Qonşumuzda bir oğlan vardı, yerli özünümüdafiə batalyonunun döyüşçüsü idi. O əlində avtomat silah gəlib bizə dedi ki, ”burda dayanmayın, qaçın meşəyə tərəf, ermənilər artıq şəhərə giriblər”. Mən ailəmlə birlikdə evdən çıxdıq və meşəyə tərəf getdik. Ailədə dörd nəfər idik. Mən, arvadım, qızım və oğlum üç yaşlı Babək.

…Həmid xeyli dinmədi. Sükutu yenə Cabir pozaraq dilləndi:

-Əmi, bəs sonra nə oldu?

Həmid sözünə davam etdi:

-Xocalı şəhəri ilə meşənin arasıından Qar-qar çayı keçirdi. Biz çayı keçib çıxdıq meşəyə. Bir azdan erməni quldurları meşə yolunu da mühasirəyə aldılar. Şəhərdə qalanları ya öldürürdülər, ya da əsir götürürdülər. Biz qaranlıq gecədə meşənin içi ilə gedirdik. Babək mənim qucağımda, arvadımla qızım isə arxamca gəlirdilər. Səhərə yaxın meşədən tək-tək  güllə səsləri gəlirdi. Sonradan öyrəndim ki, ermənilər rast gəldikləri bizim kimi qaçqınları öldürüb, qiymətli şeylərini talayıblar. Ağacların qol-budaqları üst-başımızı və sir-sifətimizi cırıq-cırıq eləmişdi. Qalın qar yeriməyə imkan vermirdi. Aclıq və soyuq bizi əldən salmışdı. Yeməyə bir şey yox idi. Su əvəzinə ağacların budağından sallanan sırsıradan istifadə edirdik. İki gün, iki gecə yol gedəndən sonra  gecə bir ağacın altında oturub nəfəsimizi dərmək istədik. Ancaq hamımız yorulub əldən düşdüyümüz üçün bizi yuxu tutub…

   Həmid yenə susdu. Mən hiss elədim ki, onun ailəsinin faciəli anları elə bundan sonra başlayıb. Ona görə də o, danışa bilmirdi. Sanki, bunu gözləyirmiş kimi vaqon bələdçisi bizə çay gətirdi. Mən dedim:

-Həmid kişi, səbirli olun. Çay için!

O çaydan bir qurtum alıb sözə başladı:

-Ayıldıq, gördük bir kəndin kənarındayıq. Bizdən əlli-altmış addım aralıda iki nəfər əli silahlı dayanmışdı. Onlardan biri azərbaycan dilində dedi: -Deyəsən bunlar Xocalıdan gəlirlər… Ləhcəsindən başa düşdüm ki, bunlar ermənidirlər. Tez Babəki paltomun arasına sıxıb həyat yoldaşıma dedim:

-Geri qaçaq, bunlar ermənidirlər.

Biz qaçmağa başladıq. Ermənilər bərkdən güldülər:

-Ay bədbəxtlər, hara qaçacaqsınız?!

Sonra avtomatdan bir neçə atəş açdılar. Mən hiss etdim ki, sağ çiynim qızışdı. Babək də qucağımda üzü üstə qarın içinə yıxıldım. Bir anlığa geri baxdım. Arvadıma da, qızıma da güllə dəymişdi. Hər ikisinin yarasından axan qan ağ qarı qırmızı rəngə boyamışdı. Ermənilər bərkdən danışa-danışa bizə yaxınlaşırdılar. Onlar arvadımın və qızımın qulağından sırğalarını, boyunboğazından qızıllarını dartıb çıxardılar. Erməninin biri o birinə deyirdi:

-Ara, sən də bu arvadı öldürməyə tələsdin. Gör nə gözəl türk qancığı imiş. Gərək bir az kef çəkəydik, sonra öldürərdin…

   Mən Babəki sinəmə sıxıb, ağzını da əlimlə tutmuşdum ki, səs eləməsin. Çiynimdən axan qan başımın altındakı qarı qızartmışdı. Ermənilər məni ölmüş bilib getdilər. Sonra nə olduğunu bilmirəm. Həm çox qan itirdiyimdən, həm də arvadımın və qızımın gözüm önündə öldürüldüyündən sarsılaraq huşumu itirmişdim. Ayılanda gördüm ki, xəstəxanadayam. Birinci sualım bu oldu:

-Mən hardayam, oğlum Babək hanı?

 Mənə dedilər ki, sən Ağdamdasan, oğlun Babək sağdır, ancaq ayaqları qarın içində qalıb, donub…

   Həmid sözünə ara verib, artıq soyumuş çaydan bir neçə qurtum içdi. Qəhər onu boğurdu. Biz də kövrəlmişdik.  Biz  Həmidə təsəlli verəcək bir söz deyə bilmirdik. Xeyli susduqdan sonra o sözünə davam etdi:

 -Bizimkilər meyitləri yığmağa gələndə görüblər ki, hələ sağıq… İki ay Ağdamda, bir ay da Bakıda xəstəxanada müalicə olandan sonra mən sağaldım, ancaq sağ qolum çiyindən yuxarı qalxmır. Babək isə axsaya-axsaya yeriyirdi. Xəstəxanada yatanda öyrəndim ki, erməni faşistləri Xankəndində yerləşən və zabitlərinin çoxu  erməni olan Sovet ordusunun 366-cı alayının köməyi ilə dəhşətli qırğın törədiblər. Onlar 613 Xocalı sakinini xüsusi amancızlıqla öldürüblər, 1275 nəfəri əsir götürüblər. Öldürülənlərin 63-ü uşaq, 106 nəfər qadın, 70 nəfəri qocalar olub.  Sonra eşitdim ki, mənim qohumlarımdan sağ qalanlar Bərdədə yük vaqonlarında məskunlaşıblar. Babəki də götürüb gəldim Bərdəyə, bizə də vaqon verdilər. İndi on beş ildi bu vaqonda yaşayırıq. Mənə 2-ci qrup əlillik veriblər. Dəmiryol stansiyasında gözətçi işləyirəm. Əvvəllər sənətim bənnalıq olub. Xocalı şəhərində 1989-90-cı illərdə inşa olunan binaların daş hörgüsünü hörürdüm. Təkbaşına Babəki saxladım, oxutdum, indi orta məktəbi bitirib. Ayağındakı zədə onu incitmir. Ona da bənnalıq öyrətmişəm. Yaxşı əl qabiliyyəti var. Azacıq axsadığına görə rayon hərbi komissarlığı onu əsgərliyə qəbul etmədi. İndi, bayaq dediyim kimi, onu aparıram Biləcəriyə, Mərkəzi hərbi-həkim komissiyasına. Xahiş edəcəyəm ki, mənim oğlumu hökmən aparsınlar vətənin müdafiəsinə…

    Həmid yenə susdu. Cib dəsmalı ilə gözündən axıb yanağı ilə aşağı süzülən göz yaşlarını quruladı. Gecə yarıdan keçmişdi. O dəhşətli hadisələrin canlı şahidi olan Həmidin söhbəti Xocalı faciəsini bizə yenidən yaşatdı. Nəhayət sükutu mən pozdum:

-Həmid kişi, siz düz edirsiniz! Başqalarından daha çox Babəkin haqqı var vətəni qorumağa, əzizlərinin intiqamını almağa….

    Səhər qatar fit verdi, dərindən fışıldayıb Bakı vağzalında dayandı. Biz vaqondan düşdük. Həmidlə, Babəklə səmimi görüşüb, onlara uğurlar diləyib ayrıldıq. Cabirlə mən öz işimizin dalınca getdik. Həmidlə Babək isə Biləcəri Mərkəzi hərbi toplanış məntəqəsinə üz tutdular…

           Teymur Muğanlı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər