Fevralın 22-də “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.
Ölkəmizin çoxşaxəli müstəqil siyasəti region ölkələr və aləmlə münasibətləri normalaşdırmağa yönəlib. Odur ki, Azərbaycan öz milli maraqlarına uyğun çoxşaxəli müstəqil xarici siyasət yürüdür.
Bu səbəbdən də dövlətimizbeynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.Azərbaycan xarici siyasətində qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verir. Azərbaycanın BMT-dən sonra ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına hazırkı sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər və atdığı praktik addımlar bunu təsdiq edir.
Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb.
Əlbəttə, Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri ölkəmizin təhlükəsizliyi üçün əlavə zəmanət əldə etmək deməkdir. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib.
2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz nümunəsidir.
Qeyd edək ki, respublikamızın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir.
Çoxşaxəli xarici siyasət gündəliyinə uyğun olaraq ölkəmizin Avropa İttifaqı ilə münasibətləri də yüksələn xətlə inkişaf edir. Cari ilin mart ayında Bakıda Azərbaycan və Avropa İttifaqı arasında növbəti təhlükəsizlik dialoqu keçiriləcək. Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə ikitərəfli saziş üzrə danışıqları bitirmək və sazişi imzalamaq niyyətindədir.
ÖlkəninAvropanın enerji təchizatındavə enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarıdır. Cənub Qaz Dəhlizi təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsidir.
NATO ilə münasibətlər uğurla inkişaf edir. 2021-ci il dekabr ayında Prezident İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb. Bu il fevralın 15-də Prezident İlham Əliyevlə telefon söhbəti zamanı Yens Stoltenberq Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi heç bir bloka qoşulmur və qonşuları ilə münasibətləri yüksələn xətt üzrə inkişaf etdirir. Rəsmi Bakı hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu barədə mövqeyi tam aydındır. Azərbaycan heç vaxt özünün üçüncü ölkələrə qarşı istifadə olunmasına imkan verməyib. Prezident İlham Əliyevin Ukraynaya 14 yanvar 2022-ci il tarixli səfəri zamanı bu mövqe bir daha ifadə olunub.
Bu günRusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.
Azərbaycan-Rusiya münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmış: “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli Müqavilə, “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında” 3 iyul 2008-ci il tarixli Bəyannamə və “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında” 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanat. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Eyni zamanda əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Bu ildə də artım perspektivi var. Azərbaycan kənd-təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir.
Azərbaycanda təhsilin rus dilində olduğu 340-a yaxın məktəb var, bu məktəblərdə 140 mindən çox şagird təhsil alır. Azərbaycanda 15 mindən çox tələbə ali məktəblərdə rus dili bölmələrində oxuyur. Rus dili keçmiş Sovet İttifaqı ölkələrini həmişə birləşdirirdi və əlbəttə, rus dilini bilmədən gələcək nəsillərin əlaqələrini nizamlamaq çox çətin olar.
2022-ci 22 fevral tarixli Moskva Bəyannaməsinə görə, Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Bəyannamənin 43 bəndi var və qarşılıqlı fəaliyyətin ən mühüm sahələrini əhatə edir. Bəyannamədə aşağıdakılar qeyd olunub.
Hər iki ölkə öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.
Tərəflər öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.
Tərəflər həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.
Tərəflər aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.
Hər iki ölkə Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.
Hər iki ölkə Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirliklərixətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.
Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.
Tərəflər regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.
Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.
Tərəflər öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.
Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.
Tərəflər hər iki ölkənin silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.
Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.
Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə hər iki ölkə bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.
Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.
Tərəflər beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.
Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.
Tərəflər beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər.
Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.
Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklər.
Tərəflər qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.
Hər iki ölkə digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.
Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrindaha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Tərəflər milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları dadaxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.
Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.
Tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar.
Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.
Tərəflər bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.
Tərəflər informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.
Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.
Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.
Tərəflər müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.
Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.
Tərəflər parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.
Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.
Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə dəetnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.
Tərəflər mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.
Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.
Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər.
Bəyannamə ilə müəyyən olunmuş əməkdaşlığın əsas prinsipləri, strateji sahələri bunlardır. Qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik. Milli maraqların aliliyi; Beynəlxalq münasibətlərin qəbul olunmuş norma və qaydalarına riayət; Qarşılıqlı fəaliyyət; Qafqaz və Xəzər regionlarında sabitlik naminə əməkdaşlıq; Tərəflərin təhlükəsizlik maraqlarının qorunması; Məsləhətləşmələr mexanizminin yaradılması; Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması və Rusiya Federasiyasının vasitəçilik rolu; Uzunmüddətli sülh naminə əməkdaşlıq; Ölkələrin ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətin qarşısının alınması; Hərbi-texniki və siyasi əməkdaşlıq; Maliyyə institutlarının əməkdaşlığı; Tranzit-nəqliyyat fəaliyyətinin potensialının inkişafı; Atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlıq; İnformasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafı; Aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq; Səhiyyə sahəsində əməkdaşlıq; Parlamentlərarası əməkdaşlıq; Humanitar sahəsində əməkdaşlıq.
Qeyd edək ki, Moskva Bəyannaməsi Azərbaycanın maraqlarına cavab verən sənəddir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.
Görüşün nəticələrinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyanatında da Rusiya və Azərbaycan əlaqələrinə yüksək qiymət verilib.
Qeyd olunub ki, Rusiya-Azərbaycan münasibətləri zamanın sınağından uğurla çıxıb. Bu əməkdaşlıq hazırda uğurla davam etdirilir.
“3+3” əməkdaşlıq platforması. Platformanın iştirakçıları olan tərəflər ilk addımı atandan sonra əməkdaşlıq imkanları artacaqdır. Regionda kommunikasiyaların açılması məsələsi də müzakirə olunur.
Təsadüfi deildir ki, işğaldan azad edilmiş ərazilərdə aparılan işlərdə Rusiya şirkətləri iştirak edir. Bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb. Bu sahə əməkdaşlığın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.
Azərbaycan ilə Ermənistan arasında müharibənin başa çatmasında və münaqişədən sonrakı dövrdə nizamlama səylərində Rusiyanın rolu böyükdür.