Fevralın 26-da Ağcabədi rayonunda bəşər tarixinə qanlı cinayət hadisələrindən biri kimi daxil olan Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Öncə rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Ağcabədi Asan Xidmət Mərkəzində Xocalı sakinləri ilə görüşüb.
Görüş zamanı çıxış edən rayon rəhbəri azərbaycanlılara qarşı həyata keçirilən bu faciənin insanlıq əleyhinə törədilmiş cinayət olduğunu qeyd edib. Sonra çıxış edən Xocalı sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.
Görüş başa çatdıqdan sonra Ağcabədi Bayraq Muzeyindən Qəhrəmanlar Parkına qədər yürüş keçirilib. Yürüşdə rayon rəhbərliyi, şəhid ailələri, Xocalıdan olan məcburi köçkünlər iştirak ediblər. Yürüş iştirakçıları əllərində 30 il əvvəl törədilmiş hadisələrin dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, bayraqlar daşıyıb, “Xocalıya ədalət”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır” şüarlarını səsləndiriblər.
Daha sonra Qəhrəmanlar Parkında faciə ilə əlaqədar olaraq anım tədbiri keçirilib. Ədalətin, humanizimin tapdalandığı o gün şəhid olan bütün soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ağcabədi şəhər “Cümə” məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub.

Anım tədbiri şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda şəhidlərimizin xatirəsini əbədiləşdirən Abidə kompleksi və vətən uğrunda canından keçən şəhidlərimizin məzarları ziyarət olunub,üzərinə tər çiçəklər düzülüb.