Moskvada “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin imzalanması iki dövlət arasında münasibətlərin daha da dərinləşməsi, bir-birinin maraqlarının qarşılıqlı hörmət təməlləri üzərində qurulması baxımından əhəmiyyətlidir. Bəyannamə Rusiya ilə Azərbaycan arasında rəsmi diplomatik əlaqələrin 30 illiyinin tamam olduğu bir ildə imzalandı və ötən illər ərizində dövlətlərarası əməkdaşlıq nəzərəçarpacaq dərəcədə möhkəmlənib. Siyasi, iqtisadi və humanitar sahələrdə çoxsaylı konkret qarşılıqlı faydalı layihələrlə reallaşıb.
Əlbəttə ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsində əhəmiyyətli Sənəd olan Moskva Bəyannaməsi müstəqilliyini, təhlükəsizliyini gücləndirilməsində önəmlidir. Bəyannamədə qeyd olunduğu kimi, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar. 43 bənddən ibarət müttəfiqlik haqqında Moskva Bəyannaməsi Rusiya Azərbaycan arasında dostluq, mehriban qonşuluq, tarixi ənənələrə, dərin mədəni, humanitar əlaqələrə əsaslanır. Müstəqillik dövründa dövlətlərarası siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Bu gün Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır və əməkdaşlığın bütün sahələrini, o cümlədən siyasi, iqtisadi-ticarət, sosial, mədəniyyət, humanitar, təhsil istiqamətləri nəzərdə tutur, eyni zamanda, böyük həcmdə hərbi-texniki əməkdaşlığı əhatə edir.
“Ölkələrimiz arasında çox geniş müqavilə-hüquq bazası vardır, 245 sənəd imzalanıb. Lakin onların arasında bu gün imzalanmış Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Bu Bəyannamə bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çıxarır. Bu, həm böyük imtiyaz, həm də böyük məsuliyyətdir” – deyən Prezident İlham Əliyevin bildirdiyi kimi, Bəyannamənin hər bəndi münasibətlərimizin xarakterinə, dostluq hisslərinə, qarşılıqlı maraqlara və gələcək hədəflərə yönəlir, böyük perspektivlər açır, müsbət meyillər artır. Rusiya ilə Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət əsasında formalaşdırır.
Rusiya və Azərbaycan xalqlarının maraqlarına tam şəkildə cavab verən Bəyannamə regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfədir. Bu dövlətlərarası münasibətlərdə yeni mərhələdir. Bəyannamənin 6-cı bəndində qeyd olunur ki, Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.
Bəyannamənin diqqət çəkən məqamlardan biri də ölkələrin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinməklə bağlı da mühüm müddəadır. Azərbaycan və Rusiya qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirərək, istehsal və elmi əməkdaşlığı, keyfiyyətcə yeni səviyyəyə qaldıracaqlar. İmzalanan sənədlərdə qeyd olunan bəndlərə uyğun dövlətlərarası nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya-kommunikasiya texnologiyaları sahəsində regional əməkdaşlıq üçün əlaqələrin inkişafı bütünlükdə dünya siyasətinə təsir edəcək amillərdən olmaqla dövlətimizin maraqlarına tam cavab verir. İki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsi istiqamətində ciddi adımlar atılacaq.
Eyni zamanda, iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya qoyuluşunun artmasına, turizm əlaqələrinin genişlənməsinə, bununla da xalqların rifah halının daha da yaxşılaşmasına yeni imkanlar açılacaqdır. Bu Bəyannamə iki ölkə arasında mövcud olan münasibətlərin daha da dərinləşməsinə geniş şərait yaradır.
Nazim BÜNYATOV,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı