XX əsrin faciəsi

  Tarixdə  dövlətlər elə cinayətlər törədiblər ki, onların səbəb olduqları kütləvi soyqırımlara nəinki siyasi qiymət verilməyib.Əksinə, bugünədək  həmin cinayətlər ört-basdır olunub. Hazırda da onlar öz layiqli cəzalarını almayıblar. Bugünağızdolusu demokratiyadan danışan, müsəlman ölkələrinə  qarşı daima barbarlıq mövqeyindən çıxış edən, əlləri qana batan hansısa qərb dairəsindən bir soyqırımın dünya miqyasında tanınması üçün lazımi dəstək gözləmək, sadəcə,gülünc doğuran məsələdir. Bunun təsdiqi olaraq, müstəqilliyinə yenicə qədəm qoyan ölkəmizin üzləşdiyi  amansız cinayətlərin törədildiyi  Xocalı faciəsinin timsalında aydın görünür.

  1992-ci il 26 fevral tarixi   xalqımız üçün   həm milli matəm, həm də müqəddəs anım günüdür. Həmin tarixdə baş verən qanlı faciədən  artıq 30 il keçir.  O dövrdə ermənilərin əsas hədəf olaraq Xocalını seçməsi heç də təsadüf deyildi. Onların Xocalını hədəfə almaqda əsas məqsədi Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli Xocalı şəhərini yer üzündən birdəfəlik silmək idi.  

 Əslində, bu faciə bir günün, bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra hazırlıq görmüşdülər. Elə həmin vaxtdan qətliamın əsası qoyulurdu. 1991-ci ilin oktyabrında isə şəhərin blokadası tam başa çatdırılmışdı. Artıq Xocalıya gedən bütün avtomobil yolları bağlandıqdan şəhərə gediş-gəliş helikopterlər vasitəsilə həyata keçirilirdi. Belə vəziyyətdəşəhərə özünümüdafiə üçün silah, ərzaq və digər zəruri vasitələrin catdırılmasında əlbəttə ki, ciddi problem yaranırdı. Təcrid vəziyyətinə düşmüş Xocalıya sonuncu helikopter 1992-ci ilin yanvarın 28-də endi. Şuşa səmasında çoxsaylı insan tələfatına səbəb olmuş helikopterin vurulması ilə şəhərlə hava əlaqəsi kəsildi. Belə bir şəraitdə şəhər ancaq sakinlərin qəhrəmanlığı sayəsində müdafiə olunurdu. Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikalardan atəşlərə məruz qalırdı.

 1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində rus ordusunun 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı. 50-dən artıq “Qrad” və “ Alazan” tipli raketlərdən və tanklardan Xocalı iki saata qədər dayanmadan atəşə tutuldu. Bu zaman şəhər dağıdıldı, dinc əhaliyə qarşı soyqırım həyata keçirildi.  

Xocalı ilə əlaqədar ilk dəfə səsini dünyaya çatdıran “bu soyqırımı eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”- deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “ Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Milli Məclisdə BMT-dən, bütün dünya dövlətlərindən bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, erməni təcavüzü nəticəsində törədilmiş qətliamın qurbanlarının xatirəsi hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur.  

2020-ci il sentybarın 27-də başlayan 44 günlük Vətən müharibəsində dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuz işğal altında olan torpaqlarımızın azad edilməsi nəticəsində Xocalı faciəsi qurbanlarının qisasımənfur düşməndən artıqlamasıyla alınıb.

 Hüseyn Quluzadə  

Şərhlər