Pedaqoji Kollec YAP ərazi təşkilatında hesabat-seçki yığıncağı keçirilib

YAP Ağcabədi rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti yığıncaq Pedaqoji Kollec YAP ərazi təşkilatında keçirilib.

Tədbirdə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və kollecin bir qrup YAP fəalı Yeni Azərbaycan Partiyasının banisi ulu öndər Heydər Əliyevin kollecin foyesində qoyulmuş büstü və Vətən müharibəsində şəhid olan ağcabədililərin xatirə lövhəsi önünə tər çiçəklər düzərək, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Hesabat-seçki yığıncağının əvvəlində Yeni Azərbaycan Partiyasının banisi ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Yığıncaqda Pedaqoji Kollec YAP ərazi təşkilatının sədri Rövşən Bayramov ötən konfransdan keçən dövr ərzində görülən işlər barədə hesabat verib. Hesabat məruzəsi ətrafında  Vətən müharibəsinin iştirakçıları Şahin Rəhimov, Bəxtiyar Əliyev və Səbuhi Atakişiyev çıxış edərək, təşkilatın gördüyü işlərdən danışıb, rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə kollektiv üzvlərinin fəal iştirak etdiklərini qeyd edərək, təşkilatın hesabat dövründəki fəaliyyətinə qənaətbəxş  qiymət verilməsi təklifini irəli sürüblər.

Yığncaqda təşkilatı məsələyə baxılıb. Açıq səsvermə yolu ilə Rövşən Bayramov yenidən ərazi təşkilatının sədri, Bəxtiyar Əliyev və Şahin Rəhimov təşkilat sədrinin müavinləri seçiliblər.

Yığıncağın sonunda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək Pedaqoji Kollec YAP ərazi təşkilatının rayonda keçirilən tədbirlərdə fəal iştirak etdiyini, xüsusən Şuşanın alınması və Zəfər Qələbəsi münasibətilə YAP Ağcabədi rayon təşkilatının keçirdiyi  yürüş və digər tədbirlərdə fəallığını qeyd edib.

Rövşən Əhmədov YAP-ın VII qurultayının qarşıya qoyduğu vəzifələrdən danışıb. Həmçinin, Azərbaycanla Rusiya Federasiyası arasında müttəfiqlik haqqında Bəyannamənin Azərbaycanın geosyasi maraqlarına cavab verən bir sənəd olduğunu vurğulayaraq, bəzi qaragüruhçu, antimilli ünsürlərin bəyannamənin bəndlərinin Azərbaycanın müstəqilliyinə uyğun olmadığı barədə sosial şəbəkələrdə destruktiv məlumat yaydıqlarını, onların Ukraynada cərəyan edən hadisələri və başlayan müharibənin siyasi nəticələrini dərk etmədiklərini qeyd edib, kollektivin çoxsaylı partiya üzvlərini sosial-şəbəkələrdə fəal olmağa, ölkənin müstəqilliyini və inkişafını gözü götürməyən qüvvələrə layiqli cavab verməyə səsləyib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər