ZƏFƏRİN SIRA NƏFƏRİ (Şəhid Sahil Məmmədov haqqında)

Məmmədovlar ailəsi Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində vətənini, torpağını sevən mərd-mübariz insanlar, döyüşçülər nəsli kimi tanınır. Ata – Ədalət Məmmədov Birinci Qarabağ müharibəsinin cəsur döyüşçülərindən idi. 1992-ci ilin iyul ayından başlayaraq Laçın rayonunun yuxarı və aşağı Səfiyan, Fərcan kəndlərində, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Tərtər rayonlarında vətən uğrunda qanlı döyüşlərdə fədakarlıqla iştirak etmiş, 1996-cı ildə Milli Ordudan tərxis olunmuş, müharibə veteranı medalı ilə təltif edilmişdir. Ədalət Məmmədovun ailəsində 1996-cı ildə oğlu Sahil, iki il sonra isə Rahil dünyaya gəldi. Övladlarını vətənpərvərlik ruhunda böyüdən ata inanırdı ki, onun döyüş yolunu, yarımçıq qalan arzularını oğulları cəsarətlə, qətiyyətlə davam etdirəcək və həyata keçirəcək.


Sahil Ədalət oğlu 2014-cü ildə kənd tam orta məktəbini bitirdikdən sonra hərbi xidmətə yollanır, kəşfiyyat bölüyündə hərb elminin praktiki metodlarına, taktiki manevrlərinə yiyələnir. Mübariz İbrahimov qəhrəmanlığını təkrarlamaq niyyətində olsa da, münasib məqam tapıb arzusunu gerçəkləşdirə bilmir. Evə göndərdiyi fotolarda qəhrəmanlara məxsus əzəmətli duruşu, məğrur baxışı ilə qələbəyə töhfələr verəcəyinə hər kəsdə bir inam, əminlik yaradırdı. İşğal altında qalan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinin başlanacağı günü səbrsizliklə gözləsə də, hərbi xidmət 2016-cı ilin yanvarında başa çatır. Həmin ilin məşhur aprel döyüşlərində iştirak etməyə cəhd göstərir… Lakin, Sahil Ədalət oğlunu gizirlik kursuna göndərirlər. Kurs uğurla başa çatdıqdan sonra N hərbi hissəsində Xüsusi əməliyyat taborunda gizir vəzifəsində xidmətə başlayır.
Qarabağda işğalçılara qarşı 2020-ci il 27 sentyabr tarixli əks-hücum əməliyyatı başlananda Sahil və qardaşı Rahil döyüşçü dostları ilə ön cəbhəyə, odun-atəşin içinə atılır… İki oğluna Vətən müharibəsində qələbə üçün xeyir-dua verən I Qarabağ qazisi Ədalət Məmmədov çoxdan arzuladığı günün – torpaqların düşmənlərdən azad ediləcəyi, ordumuzun zəfər çalacağı günün gəldiyini duyub, hiss etmişdi. Rahil Ağdam-Tərtər, Sahil isə Füzuli rayonu istiqamətində gedən şiddətli döyüşlərə qatılmışdır.
Sahil Ədalətoğlu müharibənin ilk günləri rəhbərlik etdiyi manqası ilə birlikdə düşmən mərmisinin partlaması nəticəsində qəlpə yarası alır. Saatlı mərkəzi xəstəxanasına göndərilir, buradan Bakıya ezam etmək istəsələr də, Sahil razı olmur. Özünü yaxşı hiss etdiyini bəhanə gətirərək yenidən döyüş meydanına, döyüşçü dostlarının yanına qayıdır. Başından aldığı qəlpə yarasından qan axdığı üçün komandir onu Beyləqan mərkəzi xəstəxanasına göndərir. Sahil burada da bir neçə gün qalır, bölük komandiri, baş leytenant Pərviz bəyin şəhid olduğunu eşidib xəstəxananı tərk etmək istəyir. Bu anda tibb bacısı onun yolunu kəsir. Sahil gülə-gülə tibb bacısına deyir: “Çox sağ olun bacım, zəhmət çəkdiniz, vaxtından tez məni sağaltdınız. Döyüşçü dostlarım məni gözləyir. Haqqınızı halal edin!”


Sahil Ədalət oğlu haqqında N hərbi hissəsinin I bölük komandiri Nurlan Əliyev imzaladığı “Xidməti xasiyyətnamədə” yazırdı: “Gizir Sahil Ədalət oğlu Məmmədov 1-ci bölüyün manqa komandiri vəzifəsində xidmət etdiyi müddətdə özünü nizam-intizamlı bir hərbi qulluqçu kimi göstərmişdir. Verilən tapşırığı əmrə uyğun yerinə yetirməyə çalışır. Yoldaşları ilə ünsiyyət qurmaq qabliyyəti əla idi. İsrarlı idi, adətən çətin vəziyyətdən çıxmağı bacarırdı. Vəziyyətdən asılı olaraq səmərəli təşəbbüs göstərməyə çalışırdı. Standart qərarlara daha çox üstünlük verir, sıra hazırlığı əla idi. 27.09.2020-ci ildə başlayan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Vətənpərvər və fiziki cəhətdən sağlam idi. Hərbi və dövlət sirrini qorumağı bacarırdı.”
Şablonçuluqdan uzaq və eyni zamanda xəsisliklə söylənmiş bu dəyərləndirmədə Sahilin başlıca hərbçi keyfiyyətləri – “nizam-intizamlı, vətənpərvər, israrlı, ünsiyyətcil olması, çətin vəziyyətdən çıxmaq, hərbi və dövlət sirrini qorumaq bacarığı” xüsusilə qabardılmışdır. Onun gücü həqiqətən sadəliyində, həqiqətsev ərliyində, ünsiyyətçilliyində, saflığında və mənsub olduğu millətinə, Ali Baş Komandanına sədaqətində idi.


Sahilin 24 yaşı tamam olmuşdu, anası ona axırıncı dəfə evə gələndə “nişan taxmaq”dan söz açmışdı. O da gülərək torpaqlarımızın azad edilməsindən, Qələbədən sonraya saxlamağı məsləhət bilmişdi. Anasının üzüldüyünü görüb nişan tarixini dəqiqləşdirmişdi: 2021-ci ildə! Evlərinin qonşuluğunda ev tikmək üçün bir neçə maşın mişar daşı da gətirtmişdi…
Cəbhəboyu döyüşlər hər gün şiddətlənirdi… Arazqırağı ərazilərin, xüsusilə Cəbrayıl, Qubadlı rayonlarının düşmənlərdən azad edilməsində 1-ci bölüyün və Sahil Məmmədovun manqasının şücaəti, igidliyi danılmazdır. O hər axşam azad etdikləri ərazilər barədə atasına – Qubadlının, Zəngilanın, Laçının, Cəbrayılın, Füzulinin müdafiəsi uğrunda döyüşən I Qarabağ müharibəsi veteranına ümumi ifadələrlə məlumat verirdi. Telefon zənglərinin birində zarafatla atasına deyir: Ata, Siz o vaxt bu qədər əraziləri necə oldu ki, müdafiə edə bilmədiniz?… İndi bu torpaqları biz işğaldan azad edirik…
Sahil üçün son ağır döyüşlər oktyabrın 24-də Füzulinin Yuxarı Əbdürrəhmanlı kəndi yaxınlığındakı yüksəklikdə oldu. Oktyabr ayının 25-də, gecə saat 1.30-da uzunmüddətli qanlı döyüşlərdən sonra o düşmən gülləsinə tuş gəlmiş, ürək nahiyyəsindən ağır yaralanmışdır. Cəsur gizir kritik vəziyyətdə 150 metrdən çox məsafəni qət etmiş, son anda döyüşçü dostlarının onu qoyub getmələrini istəmiş və qəhrəmancasına şəhid olmuşdur.


Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin sərəncamı ilə gizir Sahil Ədalət oğlu Məmmədov ölümündən sonra “Vətən uğrunda” (15.12.2020), “Cəbrayılın azad olunmasına görə” (24.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “Cəsur döyüşçü” (24.06.2021) medalları ilə təltif edilmişdir.
P.S. Sahil Məmmədovun şəhid olması ilə əlaqədar şəkillərinin və onun barəsində informasiyanın sosial şəbəkələrdə yayıldıqdan sonra Beyləqanlı tibb bacısı yarası sağalmadan döyüşə, dostlarına köməyə tələsən və ondan halallıq istəyən Sahili tanıyır, göz yaşları içində şəhidin şəklinin altında yazır: “İndi isə sən haqqını bizə halal et, qardaşım!”

Asif Rüstəmli
Filologiya elmləri doktoru

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər