Ağcabədi Olimpiya İdman Kompleksində dərəcəli idmançıların və məşqçi müəllimlərin iştirakı ilə görüş keçirilib. Görüş Gənclər və İdman Nazirliyinin 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan etdiyi “İdman həftəsi” çərçivəsində təşkil edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının, Taekvondo, Boks, Güləş, Kikboksinq, MMA, Juboksinq Citsu federasiyalarının rayon nümayəndələri və idmançılar iştirak ediblər.
Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov və digər çıxış edənlər idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edərək onlara uğurlar arzulayıb, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Çıxışlarda ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğu vurğulanıb. Bildirilib ki, 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. Prezident İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artıb, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı tezliklə öz müsbət nəticəsini göstərib.