ATAM AĞAC, ANAM AĞAC, QARDAŞIM AĞAC
(Kəlbəcərin Zülfüqarlı kəndində evimizi ziyarət edərkən)
Ağac bitib evimizin hər otağında,
Atam ağac, anam ağac, qardaşım ağac.
Sən yuvamda yuva qurdun, mən budağında-
Yuva qurum sən ol mənim yurd daşım, ağac.
Özüm ağac, sən hardasan?
Səs elə görüm,
Gəl deyişək, xəbəbr bilək bir-birimizdən.
Mən söyləyim harda ötüb ağır illərim,
Sən də danış, viran olan yurd yerimizdən.
Atam ağac, gələn mənəm, qayıdır köçüm,
Qoy kökündən məzarına torpaq aparım.
İcazə ver, qpımızdan içəri keçim.
Susma nolar, səndən sənə soraq aparım.
Anam ağac, bəs bu evin sahmanı hanı?
Qoymaz idin toz da qona aynalarına.
Qərib eldə yaman artıb dərdinin sanı,
Qəm sığınıb baxışının mənalarına.
Salamat qal, ay bu evin ağac yiyəsi,
Bu ocağa sən doğmasan, mən yadam indi.
Bir yer göstər, düz yanında mən də boy atım,
Sehir göstər, ağac olsun, bu adam indi.
İKİLƏŞMƏ
Və bir gün bir adam çıxar qarşına,
qayıdıb səninlə yanaşı gedər.
sən gedən yollarda dörd olar gözü,
nabələd tərpənər, ya naşı gedər.
və baxıb görərsən bu elə sənsən,
göz sənin gözündü, qaş sənin qaşın.
kostyum, qalstuk, köynək səninki,
əyin sənin əynin, baş sənin başın.
və baxıb görərsən əl də sənindir,
ayaq da sənindir, başmaq da sənin.
hardasa dayanıb yol gözləmək də,
harasa tələsib qaçmaq da sənin.
və bir də görərsən dil səninkidir,
dilin danışdığı söz sənin deyil.
o ağız, o burun, o qulaq sənin
amma ikiləşən üz sənin deyil.
əlini salarsan cibinə bəh-bəh
əl sənin əlindi, cib sənin deyil.
bu gələn avtobus gözlədiyindi,
o minib getdiyin CİP sənin deyil.
və bir də baxarsan səndən geridə,
yollarda piyada bir adam qalıb.
yoxdur bənzəriniz bir-birinizə,
yollara göz dikib dəmadəm, qalıb.