Gənclər və İdman Nazirliyi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə elan edilmiş “İdman həftəsi” çərçivəsində Ağcabədi Olimpiya İdman Kompleksində ayrı-ayrı idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov dövlətin digər sahələrə olduğu kimi, bədən tərbiyəsi, idman sahəsinə də göstərdiyi diqqət və qayğıdan, ölkəmizdə idmanın kütləviliyinin təmin olunması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildiririlib ki, Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi geniş qeyd olunur.
Sonra rayonda fəaliyyət göstərən taekvondo, sərbəst güləş, kikboksinq, MMA idman növləri üzrə məşqçi-müəllimlərin və idmançıların iştirakı ilə nümunəvi çıxışlar olub.