Vüsalə Məmmədova: “Bir- iki məktəbdə baş verən nöqsanları bütün ümumtəhsil məktəblərinə aid etmək doğru olmaz”

Müsahibimiz Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədovadır.

-Vüsalə xanım, gələcəyimiz olan uşaqların, yeniyetmələrin işləri ilə, yəni çox məsuliyyətli bir işlə məşğulsunuz. 2022-ci ildən geriyə baxanda ötən il necə görünür? Atılan addımlar, görülən işlər qənaətbəxşdirmi?

-Çox sağ olun, Məhsəti xanım. Bu elə bir sahədir ki,orada nə qədər işlər görsək, yenə də azdır.Çünki o qədər həssas bir mövzudur ki, bununla bağlı nə qədər işlər görülsə, tədbirlər keçirilsə, yenə də bizi qane etmir. Özümüzdən tam razı qala bilmirik.

-Digər məsələlərə keçməmiş bir müddət əvvəl ard-arda sosial şəbəkələrdə paylaşılan, məktəblərdən olan müxtəlif videogörüntülərə diqqət çəkmək istərdim. Deyim ki, çox sarsıdıcı görüntülərdir. Yeniyetmələrimizin xoşagəlməz davranışları, müəllimlərimizin bu hörmətsizlik qarşısındakı çarəsizliyi heç də yaxşı gələcək vəd etmir. Rayon məktəblərində vəziyyət necədir. Heç maraqlanırsınızmı bununla?

-Bəli mütəmadi olaraq biz rayon məktəbləri ilə işləyirik.Məktəblərdə tez-tez oluruq. Rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin Təşkili qrupunun baş inspektoru Taleh Abbasovla birgə məktəblərdə oluruq, mütəmadi nəzarət edirik. Xırda dəcəlliklər ola bilər, amma işlədiyim dövrdə bunun şahidi olmamışam. Ümumiyyətlə, bilirsiniz, bir-iki məktəbdə baş verən nöqsanları bütün ümumtəhsil məktəblərinə aid etmək də doğru olmaz.

-Sizcə belə hallar nədən qaynaqlanır? Buna necə nəzarət edilməlidir?

-Düşünürəm ki, belə hallar əsasən məktəb rəhbərliyindən asılıdır. Düzgün aparılmayan təlim-tərbiyə, psixoloqların,uşaq birliklərinin rəhbərlərinin şagirdlərlə işləməməsi və rəhbərlik tərəfindən buna nəzarətin zəif olması, bu kimi hallara gətirib çıxarır.

-Təəssüf ki, dövr,zaman dəyişsə də, inkişaf etsək də, erkən nikahlardan biryolluq can qurtara bilmirik. Toy-büsat, rəngarənglik, çal-çağır azyaşlıların gözünü qamaşdırır. Bu yeniyetmələr onları gələcəkdə gözləyən fiziki, mənəvi və digər problemlərdən xəbərsizdirlər… Söz yox ki, burada ilk növbədə günahkar valideynlərdir. Bəs bu valideynlər necə məlumatlandırılmalıdır? Hansı maarifləndirici tədbirlər görülüb bununla bağlı?

-Rayonun ümumtəhsil müəssisələrinin direktorlarının, məktəb psixoloqlarının, yuxarı sinif şagirdlərinin və valideynlərin iştirakı ilə ümumtəhsil məktəblərində, kəndlərimizdə təkcə erkən nikah yox, ümumilikdə ailə dəyərlərimiz, nikahın əhəmiyyəti barədə, ailənin qorunması və möhkəmləndirilməsi haqqında həm psixoloji, həm də sosioloji məlumatlar verilmiş, həmçinin erkən nikah və qohumlar arasında nikahın əks tibbi göstərişləri barədə mühazirələr söylənilmiş, sağlam ailə planlaşdırılması və reproduktiv sağlamlıq istiqamətində maarifləndirmə söhbətləri aparılmışdır. Ailə Sağlamlıq Mərkəzinin sahə həkimləri tərəfindən patronaj xidməti zamanı ailələrdə erkən nikah və onun fəsadları barədə vəsaitlər paylanılmış və məsləhətlər verilmişdir. “Erkən nikaha yox deyək”, “Erkən nikah və fəsadları” başlığı altında videokonfranslar da keçirilmişdir.

-Zərərli vərdişlərə meyillilik halları da son zamanlar yeniyetmələr arasında nəzərə çarpmaqdadır. Rayonumuzda bununla bağlı vəziyyət necədir?

-Təəssüf ki, hər yerdə olduğu kimi,rayonumuzda da bu hal qaçılmazdır. Lakin maarifləndirici tədbirlərlə bunların qarşısını müəyyən qədər ala bildiyimzi düşünürəm. Ötən il ərzində ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə  onlayn onlayn görüşlər keçirilmiş, zərərli vərdişlərin insan sağlamlığına göstərdiyi fəsadlar haqqında ətraflı məlumat verilmiş, diskussiyalar aparılmışdır. Və bu diskussiyalar zamanı qarşı tərəfin fikirlərini dinlədikcə həqiqətən də maarifləndirici tədbirlərin əhəmiyyətini bir daha hiss etmişik.

-Ötən il yeniyetmə və gənclər arasında intihar hadisələri də diqqət mərkəzində oldu. Mən burada mətbuatı, sosial şəbəkələri də günahlandırıram. Yəni bu xəbərləri elə şəkildə təqdim edirlər ki, istər-istəməz azyaşlıları cəlb edir. Təsəvvür edin, bir gün içində bütün ölkə səndən danışır, tanımadığın insanlar səni tanıyır, heyfslənir… Bu haqda sizin fikirlərinizi də bilmək istərdim. Bəs sizcə hardan, nədən qaynaqlanır bu qədər ardıcıl intihar hadisələri və qarşısını necə almaq olar?

-Mən də sizin fikirlərinizlə razıyam, həqiqətən sosial şəbəkələr, saytlar, efirlər intihar hadisələrini şouya çevirir, bir intihar xəbərinin üzərinə təkrar-təkrar qayıtmaqla bilməyərəkdən yeniyetmələrdə, gənclərdə bir maraq oyadır, onlar da gündəmə çevrilmək, onları incidən insanlardan heyf çıxmaq məqsədilə bu yola əl atırlar. Elə bir müddət əvvəl sizin də şahidi olduğunuz bir anı xatırladım. Yadınızdadırsa, piyada yol gedirdik. İki yeniyetmə oğlan danışa-danışa gəlib bizdən önə keçib getdi. Həmin oğlanlardan biri çox böyük iş görmüş kimi fəxrlə valideynləri onun dediyini etməyəndə intihar edəcəyini söylədiyini və onların dərhal istəyini yerinə yetirdiyini danışırdı…“Təsəvvür edirsiniz? Bu yaşda uşaqlar artıq valideyni intiharla qorxudur və bir dəfə, iki dəfə qorxutmaq üçün söylədiklərini bir gün həyata keçirirlər. Odur ki, bu kimi xəbərləri qabartmaq, gündəmə çevirmək əks təsir edir.

-Uşaq əməyinin istismarından danışaq… Yəqin ki, il ərzində bununla rastlaşmısınız. Ümumiyyətlə konkret olaraq qanunvericilik hansı yaşadək şəxslərin işləməsinə icazə vermir? Yaxud sualı belə qoyaq ki, hansı yaşdan başlayaraq işləyə bilər? İstisnalar varmı?

-Azərbaycan Respublikası Konstitusiyasında uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu olması, valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqların dövlətin himayəsində olması, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməyin qadağan olunması, 15 yaşına çatmamış uşaqların işə götürülə bilməməsi və uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət etməsi birbaşa təsbit olunmuşdur.    

Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunur ki, əmək, peşə vərdişlərinin və əmək stajının az olması və fizioloji vəziyyəti ilə bağlı olan amillər nəzərə alınaraq yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunmasının xüsusiyyətləri və onlar üçün müvafiq təminatlar nəzərdə tutulur və işəgötürən tərəfindən yaşı 18-dən az olan işçilər üçün müəyyən edilmiş təminatlara əməl olunması məcburidir. Əmək Məcəlləsinə görə yaşı 15-dən az olan şəxslərin  işə qəbul edilməsinin yol verilməzdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya aidiyyəti qurumlarla birgə monitorinqlər keçirmişdir. Monitorinqlər nəticəsində uşaqların təhsildən yayınması və əmək fəaliyyətinə cəlb olunması hallarının aşkarlanması, həmin uşaqların təhsilə cəlb olunması, belə uşaqların valideynləri ilə profilaktik işlərin təşkili, həmçinin təhsil müəssisələrinin müvafiq problemlə bağlı maarifləndirilmə işləri aparılmışdır.

-Uşaq cinayətləri haqqında nə deyə bilərsiniz? Belə bir hal baş verdikdə qanunu pozan uşaqların hüquqlarının qorunması ilə bağlı komissiya tərəfindən hansısa tədbirlər görülürmü?

-Komissiya üzvləri tərəfindən hüquq pozuntuları törədən yetkinlik yaşına çatmayanlar faktiki yaşadıqları ərazi üzrə aşkar olunduqda qeydiyyata götürülür, komissiyanın məsləhətçi-psixoloqun iştirakı ilə onun özü və valideynləri, qanuni nümayəndəsi ilə profilaktiki söhbətləri aparılır, bu məsələ komissiyanın iclasında müzakirə olunur. Yeniyetmənin hüquqları pozulmadan törətdiyi hüquq pozuntusuna görə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür.

-Artıq 2022-ci ilin üçüncü ayına qədəm qoyuruq. Qarşıda duran vəzifələr haqqında qısaca məlumat verməyinizi istərdim.

-Məhsəti xanım, bizim qarşıda duran vəzifələrimiz vacibdir və əhəmiyyətlidir. Çünki bu sahə bizim gələcəyimiz olan uşaqların, yeniyetmələrin təlim və tərbiyəsinə həsr olunmuş sahədir. Hüquq pozuntusunun qarşısını alaraq biz həmin uşaqları cəmiyyətə əsl vətəndaş kimi qazandırmağa çalışırıq. Ona görə də, vəzifələrimiz çox və məsuliyyətlidir. Qısaca demək istərdim ki, biz görəcəyimiz işlərlə hər hansı uşağımızın, yeniyetməmizin normal bir vətəndaş kimi formalaşmağına kiçik də olsa köməkçi olmağa çalşırıq. Belə vacib mövzulara toxunduğunuza, qəzetinizdə bizə söz deməyə şərait yaradığınıza görə minnətdarlığımı bildirir və fəaliyyətinizdə uğurlar arzulayıram.

-Mövzu elə idi ki, sualları bir cümləyə sığdırmaq mümkün olmadı. Bu uzun sualları səbrlə, təmkinlə cavablandırdığınız, bizə vaxt ayırdığınız üçün sağ olun.

Söhbətləşdi: Məhsəti MUSA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər