Cinayət təqibindən kənar icraatlar sahəsində təcrübənin öyrənilməsi məqsədilə növbəti seminar keçirilib

Cəmiyyətdə aktuallığı ilə seçilən hüquqpozmaların qarşısının alınması, peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan sistematik nəzəri-praktiki təlimlərin təşkili davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən  bildiriblər ki, ekoloji hüquqpozmalar, ağır nəticələrə səbəb olan əmək hüquqlarının pozulması hallarının araşdırılması, azyaşlıların hüquqlarının müdafiəsi istiqamətində prokurorluq orqanları tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. Həftə ərzində səlahiyyətli dövlət qurumlarının verdiyi məlumatlara əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının cinayət təqibindən kənar icraatlar üzrə köməkçiləri cəlb edilməklə respublikanın müxtəlif rayonlarında baş vermiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılır.

Görülmüş işlərin xüsusiyyətləri və nəticələri, hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı Bərdə Rayon Prokurorluğunda seminar keçirilib. Seminarda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın, Xocavənd rayon prokurorluqlarının əməkdaşları iştirak ediblər.

Bu, respublikanın şimal, şimal-qərb və cənub, Kür-Araz bölgəsində keçirilmiş seminarlardan sonra sayca beşinci tədbirdir. Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.

Şərhlər