Yaşıllaşdırma tədbirləri geniş vüsət alıb

         Ağcabədi şəhər Yaşıllaşdırma Sahəsi 30 hektardan çox ərazidə yaşıllaşdırma tədbirləri həyata keçirir. Sözügedən müəssisənin kollektivi bu sahədə üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Şəhər Yaşıllaşdırma Sahəsinin rəisi Asəf Quliyevin dediklərinə görə, bu tədbirlərin həyata keçirilməsində baş aqronom Adil Ağayevin rəhbərliyi altında kollektivin hər bir üzvü yaxından iştirak edir. Hazırda şəhər ərazisində yaşıllaşdırma tədbirləri geniş vüsət alıb. Qeyd olunub ki, son vaxtlar idarənin gücü ilə M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbinin qarşısında yeni park salınıb. Bundan başqa, rayon İcra Hakimiyyətinin qarşısı yeni qazonla bərpa olunub.

İdarə rəisi bildirib ki, rayon Qəhrəmanlar Parkı ərazisində yaşıllaşdırma tədbirləri davam etdirilib. Belə ki, parkın ətrafında 200-dən artıq sərv, 100-dən artıq isə müxtəlif meyvə ağacları və dekorativ gül kolları əkilib. Hazırda kollektiv üzvləri şəhər mərkəzində yerləşən küçə və prospektlərdə, dairələrdə geniş budama, təmir-bərpa işləri aparırlar. Ərazidə qurumuş ağaclar yeniləri ilə əvəz olunur, dekorativ güllər və çiçəklər əkilir. Söhbət zamanı A.Quliyev onu da əlavə edib ki, təmir və bərpa işlərində, eləcə də digər yaşıllaşdırma tədbirlərində idarənin nəzdində yaradılmış şitillikdə yetişdirilən ting və toxumlardan istifadə olunur.

Şərhlər