Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində karate-do idman növü üzrə Əməkdar məşqçi, 4-cü İslam Həmrəyliyi Oyunlarında hakim, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Eldəniz Qənbərov ilə məktəblilərin görüşü keçirilib. Görüş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Zaur Turabov və təhsil şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxış edərək, Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətindən, gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi istiqamətində görülən işlərdən danışıblar. “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmi olduğu vurğulanıb.
Eldəniz Qənbərov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb.