Məhsəti Musa – UNUDA BİLMƏMƏYƏ DÖZMƏKDİ DARIXMAQ

O gedəndən sonra
Onunla eyni adlı adamları sevərsən
Baxışlarında, yerişlərində,gülüşlərində
onu gəzərsən.

Sonra hamı eyni baxar,eyni yeriyər, eyni gülər
Bütün şəhər ona dönər, üstünə gələr…

Yorularsan,qaçarsan bu sıxlıqdan
Baharın gəlişini fürsət bilib
Təmizlik işləri apararsan,
Onun xatirələrini çırparsan yaddaşından,
Silərsən,təmizləyərsən ürəyinin künc-bucağını.
Çiçəkləyən ağaclara baxarsan pəncərədən
“Yeni günə başladım, unutdum onu” pıçıldayarsan,
Amma onu yox,özünü unudarsan-
Nəfəsinin yaxınlığından utanıb tərləyən şüşəyə
Onun adını yazarsan.
Qəfil qapı açılar,
Kimsə görməsin deyə
Alın yazın kimi qarışdırarsan,silərsən şüşədəki adı

Barmaqlarının altındakı hərflər inləyər,
Barmaqlarının ucu göynəyər.
Dartılar, sinəndən çıxar ürəyin
“Son dəfə… Son dəfə də xatırlayım,
sonra unudaram” deyərsən.
Bir bəhanə tapıb
Onunla eyni küçədə yaşayan
Uzaq bir qohumungilə gedərsən…

Gedərsən, sarılarsan
ananın dayısı gəlninin bacısının boynuna
Sarılarsan illərin həsrətlisi kimi…
Bu qəfil gəlişdən heç nə anlamaz,
“Salamatçılıqdırmı?” -deyə təkrar-təkrar soruşar qadın
“Salamatçılıqdır” – deyib gülümsəyərsən…

Ciyərlərinə çəkərsən o küçənin havasını,
Sığallayarsan onunla bir küçədə yaşayan
Ananın dayısı gəlninin bacısının
həyətdəki boz tulasını.
Evə dönüncə
O küçənin qoxusunu da apararsan özünlə

Küçə-küçə darıxarsan,
Xala-xala darıxarsan,
Tula-tula darıxarsan.

Sığmazsan evə-eşiyə
Keçmək bilməyən zamanı
Ovcuna sıxıb əzərsən,
Qan tökər dırnaqların,
Dişlərinin altında
Can çəkər dodaqların

Anlayarsan ki, hələ də,
Hələ də sevməkdi darıxmaq,
Unuda bilməməyə
Dözməkdi darıxmaq.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər