Martın 11-də Ağcabədi Bayraq Muzeyində “Yüksəliş” respublika müsabiqəsinin qeydiyyat mərhələsi ilə əlaqədar görüş keçirilib. Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, gənclər və idman idarəsinin əməkdaşları, müəllimlər iştirak ediblər.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsinin keçirilməsində əsas məqsəd intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdən ibarətdir.
Müsabiqə qeydiyyat, onlayn,əyani, yarımfinal və final mərhələləri üzrə aparılacaq. İştirakçıların qeydiyyatı “Yüksəliş” müsabiqəsinin saytı vasitəsilə həyata keçirilir və mart ayının 31-dək davam edəcək.
İkinci ildir ki, keçirilən sözügedən müsabiqədə 21-51 yaş arası, ali təhsilli, ən azı 2 illik iş təcrübəsinə malik olan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Qalib olan şəxslər idarəçi rəhbərlərin iştirakı ilə birillik mentorluq proqramına qoşulma, fərdi inkişaf üçün 20 min manat pul mükafatı qazanmaq və adlarını kadr ehtiyatı bankına daxil etmək imkanı qazanacaq.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub.
Rəmziyyə Həsənova