2022-ci ildə rayonumuzda ilk mətbuat orqanı olan “Ağcabədi pambıqçısı” qəzetinin 90 illiyi qeyd olunacaq. Sonralar “Sürət”, “Aran” adları ilə işıq üzü görən qəzet maraqlı fəaliyyət yolu keçib, bölgənin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edib.
“Ağcabədi pambıqçısı” 1932-ci ildən nəşrə başlayıb. O dövrlərdə qəzet çap edib, yaymaq üçün lazımi şərait yox idi. Çap maşını və digər mətbəə avadanlıqları, səriştəli mütəxəssislər sarıdan çətinliklər mövcud idi. Qəzetin ilk redaktorlarından olan Xısrı Məmmədov bu sahədə problemlərin aradan qaldırılmasında, redaksiyanın fəaliyyətinin genişləndirilməsində mühüm xidmətlər göstərib.
Sonrakı illərdə Calal Cəfərov, Nəbi Cavadov, Fərhad Ağayev, Müstəcəb Əliyev, Bəşir Bəşirov, Sərdar Mehdiyev, Rafiq Əliyev, Fazil Cəfərov (Sarvan) kimi redaktorların səmərəli rəhbərlikləri sayəsində respublikamızda qəzetin nüfuzu xeyli artıb. Təsadüdüfi deyildir ki, “Aran” bu gün də öz nüfuzunu qoruyub, saxlayıb və rayon əhalisi tərəfindən sevilir.
Mənim üçün əlamətdar, qürurverici haldır ki, adını çəkdiyim prinsipial qəzet redaktorlarından biri də atam Fərhad Abdulla oğlu Ağayev olub. Atamın həyat və fəaliyyəti barədə “Bəxt ulduzu sönəndə” adlı xatirə kitabını çapa hazırlayarkən onun 1937-ci ildə “Ağcabədi pambıqçısı” qəzetinin məsul katibi vəzifəsinə təyin olunduğunu öyrəndim. Sonralar, 1939-1941-ci illərdə qəzetin redaktoru olması atamın gələcək karyerasında mühüm rol oynayıb.
Onu da qeyd edim ki, o, orta təhsilli olmasına baxmayaraq, az müddət ərzində mətbuatın sirlərini dərindən öyrənib, öz işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. Bu səbəbdən də o, rayon qəzeti ilə bərabər, respublikanın müxtəlif nüfuzlu mətbu orqanlarında sanballı məqalə, oçerk, felyeton və hekayələrlə çıxış edib, oxucuların böyük rəğbətini qazanıb. Məhz bu xidmətləri hesabına atam 1939-cu ildə “Kommunist” qəzeti rəhbərliyinin təqdimatı əsasında Moskva şəhərində ümumittifaq kənd təsərrüfatı sərgisinin iştirakçısı olub və II dərəcəli diplomla təltif edilib.
Qəzet sahəsində qazandığı təcrübə və yüksək təşkilatçılıq bacarığına görə o, sonralar Ağcabədi Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, rayon maliyyə şöbəsinin müdiri vəzifələrinə irəli çəkilib. Atam uzun illər rayon maliyyə şöbəsinin müdiri vəzifəsində səmərəli fəaliyyət göstərib və həmişə də qazandığı uğurlarda qəzetin rolunu minnətdarlıqla qeyd edib.
Bir vaxtlar keçmiş “Sürət” qəzeti redaksiyasında ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri vəzifələrində çalışmış unudulmaz şair Ənvər Əhməd özünün “Bir kişi ömrünün xatirə dəftərindən” adlı məqaləsində atam barəsində maraqlı məqamlara toxunub. Şair “Nəslimiz” adlı ilk şeirlər kitabı haqqında atamın yazdığı və onun ünvanına göndərdiyi oxucu məktubu ilə əlaqədar geniş söhbət açıb. Kiçik bir kitab barədə yüksək peşəkarlıqla, zövqlə qələmə alınmış fikirlər Ənvər Əhmədi çox təəccübləndirib. Ona elə gəlib ki, məktubu hansısa məşhur ədəbiyyatşünas və yaxud şair qələmə alıb.
Ənvər müəllim atamın əvvəllər qəzet işçisi olduğunu, bu qabiliyyətin ondan irəli gəldiyini bir müddət keçdikdən sonra öyrənib. Yeri gəlmişkən qeyd edim ki, böyük qardaşım Tahir Ağazadə də uzun illər “Sürət” qəzetində əməkdaş kimi çalışıb.
Bu gün “Aran” qəzeti fəaliyyətini uğurla davam etdirərək, keçmiş ənənələri ləyaqətlə yaşadır. Qəzetin kollektivi çətin, lakin məsuliyyətli və şərəfli işin öhdəsindən məharətlə gəlir. “Aran” qəzeti ölkə mətbuatı sıralarında inamla addımlayır. Bu, məni hər bir ağcabədili kimi çox məmnun edir.
Əlamətdar yubiley ilində müxtəlif dövrlərdə rayon qəzetinin fəaliyyət göstərməsində böyük xidmətləri olan, dünyasını dəyişmiş bütün mətbuat işçilərinə Allahdan rəhmət diləyib, ruhları şad olsun deyirəm. Respublika kütləvi informasiya vasitələri ailəsində rayonumuzu layiqincə təmsil edən “Aran” qəzetinin kollektivini, bütün oxucuları yubiley münasibəti ilə təbrik edir, hər kəsə gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıram.
Mahir AĞAYEV,
Ağcabədi şəhər sakini