Mobil Həsənov adına Rəncbərlər kənd tam orta məktəbi rayonumuzun qabaqcıl tədris müəssisələrindən sayılır. Adıçəkilən təhsil ocağının direktoru Mehman Nağıyevin sözlərinə görə, son illər burada təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim-tərbiyə işlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində mühüm addımlar atılıb. 2013-cü ildə tikilib istifadəyə verilmiş 480 yerlik müasir tipli məktəb binası bu sahədə önəmli əhəmiyyət kəsb edib. Qeyd olunub ki, bundan əvvəl məktəbin yararsız binada yerləşdirilməsi tədris işlərinin təşkilində müəyyən problemlərin yaranmasına səbəb olub.
26 sinif otağı, kompüter, laboratoriya, tibb kabinetləri, geniş idman və akt zalları tədris işinin səmərəli təşkili üçün geniş imkanlar yaradıb. Hazırda sözügedən təhsil müəssisəsində 577 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 52 nəfər yüksək ixtisaslı müəllim məşğul olur.
Bu gün məktəb pedaqoji kollektivi təlim-prosesinin uğurla qurulması üçün bütün imkanları səfərbər edib. Təsadüfi deyil ki, qabaqcıl təhsil müəssisəsinin şagirdləri hər il respublika və rayon fənn olimpiadalarında, müxtəlif bilik yarışmalarında fəal iştirak edirlər. Rəncbərlər kənd tam orta məktəbinin yetirmələri ölkənin ali məktəbinə qəbul imtahanlarında da yüksək nəticələr qazanırlar. Təqdirəlayiq haldır ki, 2008-2021-ci illər ərzində məktəbin 100 nəfər məzunu ölkənin müxtəlif nüfuzlu ali məktəblərinə daxil olub. Həmin dövrdə məzunlardan Elton Sadıqov və Gülnar Sadıqova rayon üzrə ən yüksək göztəriciyə imza ataraq, 680 və 682 balla Bakı Ali Neft Məktəbinə daxil olublar. Onların hər ikisi bu nailiyyətə görə, Prezident təqaüdünə layiq görülüblər.
Təkcə 2020-2021-ci tədris ilində məktəbi bitirən 25 nəfərin 13-ü ali məktəb tələbəsi adını qazanıblar. Onlardan Rüfət Qəhrəmanov 631, Rəmziyyə Əliyeva isə 621 bal ilə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul ediliblər. Söhbət zamanı Mehman Nağıyev bildirib ki, bu uğurların qazanılmasında məktəbin müəllimləri Mehri Əsədzadə, Esmira İbadova, Elnarə Səlimova, Zərifə İbrahimova, Bayram Novruzlu və başqalarının böyük əməyi vardır.
Təcrübəli pedaqoq M.Nağıyevin övladları da yüksək balla ali məktəblərə daxil olublar. Onun qızı Aişə Nağızadə ATU-nun müalicə işi fakültəsinin 6-cı, oğlu Nurəddin Nağızadə isə Naxçıvan Dövlət Universitetinin stomatologiya fakültəsinin II kurs tələbələridir.
Direktor söhbətində onu da əlavə edib ki, məktəbin 50 nəfərdən çox məzunu 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıqla vuruşub, düşmən üzərində parlaq qələbənin qazanılmasında öz sözlərini deyiblər. Həmin məzunlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə əsl hünər göstərib, orden və medallarla təltif olunublar.
Yəhya PAŞAZADƏ