Ağcabədi xörəkləri

         Dünyanın ən qədim xalqlarından sayılan Azərbaycan türkləri zəngin mədəniyyətə, adət-ənənələrə, milli mənəvi və dini dəyərlərə malikdir. Xalqımız dünya xalqları arasında özünəməxsus mətbəxi, kulinariya mədəniyyəti ilə də seçilir. Soydaşlarımızın zəruri qidalanma ehtiyacından doğan, formalaşan Azərbaycan mətbəxi spesifik cəhətləri, zənginliyi, kaloriliyi, keyfiyyəti, dadı ilə xüsusi önəm kəsb edir.

Əlbəttə, Azərbaycan mətbəxi deyəndə yalnız hazırlanan xörək çeşidləri ilə kifayətlənmək olmaz. Milli mətbəximizdə ölkə əhalisinin yerləşdiyi ərazilərin coğrafi xüsusiyyətlərini, flora və faunanı, təbii sərvətləri, təsərrüfat sahələrini, adət-ənənələri, dini və mənəvi dəyərləri, psixologiyanı, ailə, birgəyaşayış münasibətlərini, süfrə etketlərini, etik davranışı, hazırlama üsullarını, hətta istifadə olunan yanacaq növlərini, qab-qacağı da nəzərə almaq lazımdır.

Əcdadlarımızın məskunlaşdıqları dəniz və çay hövzələrində, dağətəyi və düzənlik ərazilərdə ovçuluq, balıqçılıq, əkinçilik, heyvandarlıq və digər təsərrüfat sahələrində çalışmaları mətbəximizdə də öz geniş əksini tapıb.

Bu yazıda milli mətbəximizin mühüm hissəsi olan Ağcabədi sakinlərinin hazırladıqları xörəklərimiz barədə söhbət açılacaq. Azərbaycanın qədim insan məskənlərindən sayılan Ağcabədi rayonu münbit torpaqları, bol suları, bitki örtüyü, əlverişli iqlimi ilə fərqənən düzənlik ərazidə yerləşir. Bölgənin bu təbii imkanları ta qədimdən sakinlərin əkinçilik, maldarlıq, qoyunçuluq, quşçuluq və bağçılıqla səmərəli məşğul olmaları üçün hərtərəfli şərait yaradıb.

Təsadüfi deyildir ki, rayon əhalisinin mətbəxində taxıl məhsullarından, mal, qoyun-quzu, balıq və toyuq ətindən, süddən, müxtəlif meyvələrdən (daha çox tut, üzüm, albalı, gavalı və s.) geniş istifadə olunur. Ağcabədi mətbəxində milli xörəklərimizlə yanaşı, yalnız bölgədə hazırlanan xörək növləri də üstünlük təşkil edir. Bölgə ailələrində ilk öncə, xörəklərin hazırlanmasında təmizlik, səliqə-sahman, süfrə başında ədəb-ərkan qaydalarının gözlənilməsi diqqət mərkəzində saxlanılır. Xörək və şirniyyat növlərinin hazırlanması zamanı ərzaq məhsullarının keyfiyyətinə, təzəliyinə xüsusi diqqət yetirilir. Bu səbəbdən də ağcabədililərin hazırladıqları xörəklər öz dadı və qidalılığına görə xeyli fərqlənir. Yeri gəlmişkən, qeyd edək ki, bölgə ərazisində yetişdirilən qaramalın, qoyun-quzuların və toyuqların əti, süd məhsulları dadı və keyfiyyəti etibarı ilə başqa bölgələrlə müqayisədə üstün xüsusiyyətlərə malikdir.

Ağcabədi sakinləri mətbəxlərində, dədə-baba  xörəklərinin hazırlanmasına xüsusi önəm verirlər. Onlar əsasən qış aylarında xəmir yeməkləri hazırlayarkən bu ənənəyə daha çox riayət edirlər. Odur ki, yüksək zövqlə və məharətlə bişirilən xaşılın (xəşil), xəngəlin (xingal), əriştənin, qaraumacın ayrı ləzzəti olur.

Ağcabədililərin mətbəxində plov və aş növlərinin hazırlanması xüsusi yer tutur. Toy məclislərində, bayram günlərində, ziyafətlərdə asılan plovlar süfrələrin əsl bəzəyinə çevrilir.

Rayon sakinləri ən çox qaralı plov, şeştərəkli plov, şüyüdlü plov, əvəlikli plov, lobyalı aş, boranılı aş, səppə (səpmə), tutlu aş, hoppaca (südlü aş), yayma (sıyıq) növlərini daha çox xoşlayırlar. Maraqlıdır ki, səppə (səpmə), hoppaca, tutlu aş, qatılğac (qatıqlı aş) kimi xörək növləri yalnız Ağcabədidə bişirilir. Araşdırmalar zamanı məlum olub ki, hoppaca və tutlu aş əsasən Ağcabədi şəhər sakinləri tərəfindən hazırlanır. Soğanbozbaşı, lobyabozbaşı, göy qovurması, cırdana, qazanbalığı, çığırtma, çalanpur, el arasında sıpasüdüyü adlandırılan xörək növləri ağcabədililər tərəfindən çox sevilir.

Əziz oxucular, Ağcabədi xörəkləri haqqında sizin də fikir və mülahizələrinizi öyrənmək istərdik. Bununla əlaqədar məlumat, irad və təkliflərdən ibarət məktublarınızı gözləyirik.

Yəhya PAŞAZADƏ

Şərhlər