Vətən müharibəsinin ilk günündən qələbəyədək vuruşan oğullarımız çox oldu. Onlardan bir çoxu yaralanmalarına baxmayaraq, tez bir zamanda düşmənlə ölüm-dirim savaşı aparan əsgərlərimizə qoşulub, işğalçılara qarşı igidliklə, cəsarətlə vuruşdular. Belə qazilərimizdən biri də Rəncbərlər kəndindən olan Asəf Arif oğlu Əsgərovdur.
2001-ci il fevralın 8-də anadan olan Asəf 2007-ci ildə kəndlərindəki Mobil Həsənov adına kənd tam orta məktəbinin birinci sinifinə daxil olub. 2008-ci ildə sözügedən təhsil ocağını uğurla başa vurub. 2019-cu ilin aprelində həqiqi hərbi xidmətə yollanıb və Gəncədə, Ağstafada, Daşkəsəndə qulluq edib. Artilleriyada hesablayıcı operator hərbi peşəsinə yiyələnib. Cəbhə zonasında xidmət etdiyinə görə Asəf 2 il həqiqi hərbi xidmətdə olub. Odur ki, elə Vətən müharibəsinin başladığı ilk gündən vuruşan ordumuzun sıralarına qatılıb. Cəbrayıl, Qubadlı, Kəlbəcər uğrunda gedən gərgin döyüşlərdə fəal iştirak edib. Asəf müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, “Kəlbəcərin azad oluhnmasına görə” medalları ilə təltif edilib.
O, döyüş meydanında olduğu kimi, dinc həyatda da fəaldır. Ötən ilin sentyabr ayından N.Allahverdiyev adına Ağcabədi Peşə Məktəbində təhsil alır. Elektrik avadanlıqlarına xidmət və təmir üzrə qrupunda elektrik montyoru ixtisasına yiyələnməyi qarşısına məqsəd qoyub. Yaxşı oxumaqla bərabər, təhsil aldığı peşə məktəbinin ictimai həyatında, müxtəlif tədbirlərdə yaxından iştirak edir. İxtisas müəllimi Nadir Hüseynov söhbət zamanı onun haqqında belə dedi: “Asəf çox təvazökar, səmimi, işgüzar, nümunəvi, intizamlı tələbədir. Müharibədə iştirak etməsi, düşmənlə əli silahlı vuruşmağı onun həyatında dərin izlər buraxıb. O, çox ürəkli və işıqlı oğlandır. Təsadüfi deyil ki, Asəfin peşəsi də işıqla əlaqəlidir. Gələcəkdə elektrik montyoru olacaq Asəfin müharibədə olduğu kimi, sivil həyatda da uğurlar qazanacağına ürəkdən inanır və ona müvəffəqiyyətlər arzulayıram.”
Hər yaşın özünəməxsus arzu və istəkləri olur. Zamana, şəraitə uyğun arzular. Dünənədək qarı düşmənlə üzbəüz vuruşan, torpaqlarımızın azad olunması üçün canını belə fəda etməyə hazır olan Asəf indi tezliklə arzusuna qovuşacaq, bir elektrik kimi, ətrafa, adamlara işıq paylayacaqdır.
Adil MİSİRLİ