Qədim türklər, o cümlədən Azərbaycan xalqı ilin fəsilləri, xüsusilə qış və baharla əlaqədar özünəməxsus mifik təsəvvürlərə, inanclara malik olublar. Ruhən baharla bağlı olan əcdadlarımız baharla qışı yeniliklə köhnəliyin, yaxşılıqla pisliyin, gözəlliklə xəbisliyin, isti ilə soyuğun mübarizə anı kimi xarakterizə ediblər. Təsadüfi deyildir ki, bütün bunlar qədim soydaşlarımızın Novruz inanclarında, ənənələrində geniş əksini tapıb. Əcdadlarımız tərəfindən soyuq qarlı qış “Kosa”, günəşli bahar isə bolluq, əminamanlıq rəmzi olan “Keçi” kimi təsəvvür edilib.
Əslində, təbiətin “kasıb vaxtı”, ərzaq, yanacaq, geyim, təsərrüfat problemləri ilə dolu olan qış fəsli xalqımız tərəfindən məmnunluq hissi ilə qarşılanmayıb, adamlarda narahatlıq, narazılıq doğurub. Açığı, “qarlı qış” onları həmişə darıxdırıb, hövsələsiz edib, səbirsizliklə yazın gəlişini gözləməyə, arzulamağa sövq edib:
Gün çıx, gün çıx,
Kəhər atı min çıx.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, gəl…
Bu səbəbdən də soydaşlarımız qış fəslinin 3 ayını hissələrə bölməklə öz arzularını gerçəkləşdirməyə can atıblar. Bu mənada, qış dövrü müxtəlif müddətləri əhatə edən Böyük Çilə, Kiçik Çilə və Boz Ay adları altında üç qismə ayrılıb.
Qeyd edək ki, Çilə (Cillə variantı da vardır) dilimizdə doğuşdan və ölümdən sonrakı 40 günün mənasını ifadə edir. Eyni zamanda qış fəslinin 2 ayını da bildirir. Bu söz həmçinin qışın başlanma nöqtəsini də əks etdirir.
Bunu da əlavə edək ki, Böyük Çilə, Kiçik Çilə və Boz Ay qış fəslinin başlandığı andan baharın gəlişinədək olan müddəti əhatə edir. Bu qədim ənənə xalq arasında bu gün də davam etdirilir. Maraqlı burasındadır ki, bu təqvim bölgüsü bilavasitə hicri-şəmsi tarixlə bağlıdır. 1920-ci ilə qədər Azərbaycanda bu tarixdən istifadə olunub. Həmin vaxtdan etibarən ölkəmizdə miladi tarix tətbiq olunmağa başlayıb. Həqiqətdə, 40 gündən ibarət Böyük Çilə, 20 gündən ibarət Kiçik Çilə və 1 aydan ibarət Boz Ay hicri-şəmsi tarixlə əlaqədardır. Boz Ay həmin tarixin cari ilinin sonuncu günündə başa çatır. Daha dəqiq desək, Boz Ay başa çatdıqdan sonra qarşıdan gələn ilin ilk günü qədəm qoyur. Hər il Novruz çərşənbələri adı ilə qeyd etdiyimiz günlər sözügedən təqvimin çərşənbə günlərinə təsadüf edir. Ona görə də ilin axır çərşənbəsi deyəndə, hicri-qəməri tarixin sonuncu ilinin sonuncu çərşənbəsini nəzərdə tutmalıyıq.
Odur ki, 40 günlük Böyük Çilə, 20 günlük Kiçik Çilə və 1 aylıq Boz Ay məhz həmin tarixə əsasən hesablanıb və dilimizdə eləcə də qalıb. İndiki dövrdə işlətdiyimiz bölgü üzrə Böyük Çilə müvafiq olaraq, miladi tarixin sonuncu ilinin dekabr ayının 20-dən yeni ilinin yanvar ayının 31-dək, Kiçik Çilə yanvar ayının 31-dən fevral ayının 20-dək, Boz Ay isə fevral ayının 20-dən mart ayının 20-dək olan dövrü əks etdirir. Həmin hesablamaya görə, 2022-ci ildə axırıncı çərşənbə (Yel çərşənbəsi) mart ayının 15-də, Novruz bayramı günü isə mart ayının 20-ə təsadüf edir.
Yeri gəlmişkən diqqətə çatdırmaq istərdik ki, bir vaxtlar qış mövsümünün yanacaq və digər problemindən irəli gələn, xalq arasında geniş istifadə olunan bir çox maraqlı deyimlər bu gün də işlənilməkdədir. Böyük Çilə Allahvermişdir, Kiçik Çilə özünü göstərir, Boz Ay qızaranda yazdandır, bozaranda qışdan, mart çıxdı, dərd çıxdı, martın hamısı, aprelin yarısı, bayramdan sonra 40 kötük yandırarlar və sair kimi misallar bu cəhətdən xüsusi önəm daşıyır.
Yəhya PAŞAZADƏ