XX yüzilliyin əvvəlləri Azərbaycanın hər yerində olduğu kimi, Ağcabədidə də ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə ciddi dəyişikliklərlə müşahidə olunub. Çar üsul-idarəsinin süqutu, xalq cümhuriyyətinin bərqərar olması, hakimiyyətə sovetlərin gəlməsi ölkənin bölgələrinin həyatını da əsl mübarizə meydanına çevirib. Həmin bölgələr sırasında rayonumuz özünəməxsus yer tutub.
Sovet hakimiyyəti illərində rayonlaşma, kollektivləşmə tədbirləri ilə əlaqədar bu mübarizə yeni bir müstəviyə keçib. İdeoloji mübarizə xüsusilə daha kəskin xarakter alıb. Bu məqsədlə mühüm təbliğat vasitələrindən sayılan qəzetlərin fəaliyyətindən geniş istifadə edilib.
Qeyd olunan dövrdə yaranmış tələbata uyğun olaraq, respublikanın bölgələrində müxtəlif illərdən yerli qəzetlər fəaliyyət göstərməyə başlayıb. Onlardan biri də 1932-ci ildə “Ağcabədi pambıqçısı” adı altında rayonumuzda təsis olunub. Yeri gəmişkən qeyd edək ki, bir çox ziddiyətli, mübahisəli bəzi məqamlarla diqqəti çəkən bu mövzu indiyə qədər lazımınca araşdırılmayıb. Odur ki, həmin istiqamətdə geniş tədqiqat işləri aparılmasına ehtiyac yaranıb.
Göstərilən dövrdən etibarən, rayonumuzda ilk mətbu orqan olan “Ağcabədi pambıqçısı” qəzeti bölgənin qaynar ictimai, siyasi, təsərrüfat, sosial, mədəni həyatında mühüm rol oynayıb. Qəzetin formalaşmasında, fəaliyyətinin genişləndirilməsində, əhali arasında nüfuz qazanmasında və sevilməsində onun ilk redaktorlarından hesab edilən Calal Cəfərovun böyük xidmətləri olub.
Tarixi mənbələrdən məlum olur ki, “Ağcabədi pambıqçısı” yarandığı ilk günlərdən çap avadanlıqları, ixtisaslı kadrlar çatışmazlığı səbəbindən müəyyən problemlərlə üzləşib. Onun ilk saylarının vaxtında nəşr edilməsində və yayılmasında böyük çətinliklər yaranıb. Məhz gənc redaktor Calal Cəfərovun qətiyyəti, fədakarlığı, təşkilatçılıq bacarığı sayəsində həmin problemlər aradan qaldırılıb, qəzet redaksiyasına səriştəli yazarlar cəlb olunub.
Cəlal Cəfərov natamam təhsilli olmasına baxmayaraq, öz istedadı, cəsarətli, savadlı və sanballı yazıları ilə mahir bir qəzetçi olduğunu sübuta yetirib. Məhşur “C.C.” imzası ilə çıxış edən qəzetçinin qələmə aldığı materiallar, məqalələr, felyetonlar oxucular tərəfindən böyük maraqla qarşılanıb, dillər əzbərinə çevrilib. Maraqlıdır ki, bununla əlaqədar xatirələr bu gün də ağcabədililər arasında geniş dolaşmaqdadır. Zənnimizcə, həmyerlimiz Calal Cəfərovun cəsarətli mövqeyi, kəskin, tənqidi yazıları bütün dövrlərdə hər bir qəzetçi üçün nümunə sayıla bilər.
Aradan 90 il keçsə də, Calal Cəfərovun və “Ağcabədi pambıqçısı” qəzeti kollektivinin həmin çətin vaxtlarda göstərdiyi xidmətlər unudulmur, dərin hörmət və minnətdarlıq hissi ilə yad edilir.
Yəhya PAŞAZADƏ