Şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarının, onların ailə üzvlərinin sosial vəziyyətinin yaxşılaşdırması məqsədilə “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi tərəfindən “Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçılarının sosial problemlərinin həlli istiqamətində sosial-iqtisadi islahatların həyata keçirilməsinə dəstək” layihəsinin icrasına start verilib.
İctimai Birlikdən bildirilib ki, layihə Dövlət Məşğulluq Agentliyinin 17 saylı Ərazi Məşğulluq filialının əhatə etdiyi Beyləqan, Füzuli və Ağcabədi rayonlarında icra olunub.
Qeyd olunub ki, martın 14-dən 18-nə qədər layihədə nəzərdə tutulan rayonlarda məşğulluq mərkəzlərinə müraciət edən şəxslərə gələcək bizneslərinin inkişafına dəstək göstərmək üçün özünüməşğulluq proqramı daxilində təklif olunan sahənin seçimi üzrə təlimlər keçirilib.
Təlimlərdə, iştirakçılar müəyyən bilik və bacarığlara yiyələnərək özünüməşğulluq proqramına qoşulmaq səriştələrini artırıb, nəticədə qarşılaşdıqları problemlər qismən öz həllini tapıb. Həllini tapmayan problemlər barəsində isə aidiyyatı qurumlara müraciətlər hazırlanıb.
Tədbirdə Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndəsi Həsən Səmədov, Ağcabədi Rayon İcra Nümayəndəliyinin müavini İsmayıl Məhərrəmov, 17 saylı Ərazi Məşğulluq filialının əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.
Mənbə: azertag.az