Avropada birinci olmaq böyük nailiyyətdir

Bolqarıstanda güləş üzrə 7-ci Avropa çempionatı keçirilib. Həmin çempionatda gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Azərbaycan idmançıları yarışda 16 medal qazanıb, onlardan 7-si qızıl medaldır. Komanda hesabında ölkəmizin komandası idmançıları birinci yerə layiq görülmüşlər. Bmartın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev idmançılarımızla görüş keçirib. Dövlət başçısı görüş zamanı qeyd edib ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər.

Avropada birinci olmaq böyük nailiyyətdir. Ölkənin dövlət himni yeddi dəfə səsləndirilib. Həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar.

Prezident xüsusi olaraq vurğulayıb ki, güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Bu bizim milli idman növüdür. Bütün dövrlərdə güclü güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik dövründə. Güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda ləyaqətlə təmsil ediblər.

Ona görə ki, güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənələri davam etdirir. Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş ölkələrindən birinə çevirəcəkdir. Təsadüfi deyildir ki, yarışda iştirak etmiş 34 Avropa ölkəsi arasında Azərbaycan birinci yerdədir.

İdmançılara şərait yaradılmalı və onlardan nəticəni gözləməliyik. Bu iki əsas amil böyük uğurlarımızın əsasını təşkil edir. Güləş Federasiyası Gənclər və İdman Nazirliyi ilə, məşqçilərlə birlikdə düzgün addımların atılmasına nail olacaq.

İdman Azərbaycanın dövlət siyasətidir. Beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq bunu aydın görərik.

Çıxış zamanı bildirilib ki, respublikamızın Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi ilə sıx əlaqələri var. Səmərəli əlaqələrin mövcudluğu ölkəmizdə idman siyasətinin düzgün aparılmasında kömək göstərir.

Ölkəmizdə idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək prioritet vəzifə olduğunu vurğulayan İlham Əliyev qeyd edib ki, Azərbaycanın hər bölgəsində müasir olimpiya idman kompleksləri var. 50-yə yaxın belə kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə olunmalıdır. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə istedadlı uşaqlar var, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır;

Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynayıb. Qələbəmizi şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi. Bu da vətənpərvərlikdən irəli gəlir.

Dövlət başçısı görüş zamanı bunu da əlavə edib ki, 30 ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunurdu.Həqiqəti etiraf etmək lazımdır,  həqiqəti olduğu kimi bilməliyik və deməliyik. Bu məğlubiyyətin səbəbləri var idi, o vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar məğlubiyyəti şərtləndirmişdir.

İnamla demək olar ki, bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

Xalqımızın ürəyində qisas hissi həmişə olub. Çünki ermənilər tərəfindən bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ancaq Azərbaycan xalqı düşməndən intiqamı döyüş meydanında aldı.

Azərbaycan Prezidenti sonda vurğulayıb ki, mütləq azad edilmiş torpaqlarda idman inkişaf etməlidir. İndidən bu istiqamətdə işlər görülür. Stadionlar, idman kompleksləri və digər idman qurğuları azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər