Xalqımıza qarşı erməni milllətçilərinin törətdiyi soyqırımı siyasətinin tarixi XVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edib. Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirib. 1724-cü il noyabrın 10-da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması üçün hər cür şəraitin yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törədiblər. Mənfur düşmənin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilib, evləri yandırılıb, əmlakları talan olunub.
Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibati bölgü yaradılmasına nail olmuşdular. Bununla da soydaşlarımızın öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulub. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə ermənilərin tarixi saxtalaşdırılır, ölkəmizin tarixi isə təhrif olunurdu. Bu xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı xüsusi amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisində yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdi. 1905-1907-ci illərdə Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Təkcə 1917-ci ilin dekabrından 1918-ci ilin mart ayına qədər cinayətkar Andranikin rəhbərliyi altında erməni qoşun hissələrinin fəal iştirakı ilə İrəvan qəzasında 32 kənd, Eçmiədzin qəzasında 84 kənd, Nor-Bəyazid qəzasında 7 kənd, ümumiyyətlə, 197 kənd dağıdılmış, sakinlərin bir qismi qətlə yetirilmiş, digər qismi isə öz doğma ev-eşiklərindən didərgin düşmüş, əmlakları talan olunmuş, evləri isə yerlə yeksan edilib.
1918-ci ilin 30 mart-3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə görə on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. Mənfur düşmənin qanlı cinayətlərinin üstünün açılması üçün AXC höküməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının böyük xidmətləri olub. Komissiya mart soyqırımını ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün xarici işlər nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i AXC tərəfindən ümummilli matəm günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğal proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
1948-1953-cü illərdə daha da azğınlaşan ermənilər tarixi torpaqlarımız olan İrəvan, Göyçə və başqa ərazilərdən soydaşlarımızı zorla deportasiya etməyə başladılar.
Ermənilər XX əsrin sonlarında tarixin ən amansız, qanlı cinayətlərindən biri sayılan Xocalı faciəsində soydaşlarımıza qarşı kütləvi qətllər törətdilər. Təəssüflər olsun ki, dünya ictimaiyyəti Azərbaycan xalqının başına gətirilən digər faciələrdə olduğu kimi bu qanlı hadisəyə də seyrçi oldu və biganə yanaşdı.
İllər sonra ilk dəfə olaraq, ermənilərin xalqımıza qarşı törətdiyi bütün vəhşilikləri, soyqırım faktlarının araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilib. 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “31 mart Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı bu baxımdan önəmli əhəmiyyət kəsb edib. Ermənilərə ən layiqli cavab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz tərəfindən 44 günlük müharibə zamanı verilib. Bütövlükdə erməni cəlladları tərəfindən qətlə yetirilmiş soyqırım qurbanlarını qisası alınıb.
Hüseyn QULUZADƏ