Ağcabədi rayonunda gənclər arasında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə keçirilən birinciliyin qalibləri müəyyənləşib.
Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən yarışda 11 ümumtəhsil məktəbinin komandası iştirak edib.
Yarışın açılışında çıxış edən Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov bildirib ki, birinciliyin keçirilməsində məqsəd 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün qeyd edilməsi, rayonda “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyünün yeniyetmə və gənclər arasında təbliği, onların hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrinin yüksəldilməsidir.
Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan yarışda Ağcabədi şəhər 2 nömrəli tam orta məktəbin komandası birinci, 12 nömrəli tam orta məktəbin komandası ikinci, 11 nömrəli tam orta məktəbin komandaları üçüncü yerə layiq görülüb. Qalib komandalar Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.