Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar göz qabağındadır. Ölkə iqtisadiyyatı güclənmiş, əhalinin maddi rifahı yüksəlmiş,ordu quruculuğu sahəsində mühüm işlər görülmüşdür. Erməni işğalçıları üzərində qazanılmış tarixi Qələbə Azərbaycan Silahlı Qüvvələrinin hansı hərbi gücə malik olmasının sübutudur. İşğaldan azad edilmiş ərazilərdə ardıcıl olaraq böyük işlər görülür, yollar çəkilir, su, qaz, elektrik təchizatı məsələləri mərhələ-mərhələ həyata keçirilir. İnfrastruktur layihələrin icrasına həm yerli, həm də xarici şirkətlərin cəlb edilməsi onu göstərir ki, işğaldan azad edilmiş ərazilər tezliklə öz doğma sakinlərini qoynuna alacaqdır.
Ölkədə qazanılan nailiyyətlər sırasında idmançılarımızın uğurları da xüsusi önəm daşıyır.
İdmançılarımız Dünya və Avropa çempionatlarında, olimpiadalarda uğurla çıxış edərək üçrəngli bayrağımızı zirvələrdə dalğalandırırlar. Bu yaxınlarda güləş üzrə Bolqarıstanda keçirilən 7-ci Avropa çempionatında idmançılarımızın parlaq qələbəsi idman uğurlarımızın davamıdır.
Azərbaycan idmançıları bu yarışda 7-si qızıl olmaqla 16 medal qazanıblar. Komanda hesabında azərbaycanlı güləşçilər 1-ci pillədə qərar tutublar.
Mart ayının 17-də Prezident İlham Əliyevin çempionat iştirakçılarını qəbul etməsi ölkə rəhbərinin idmana necə böyük önəm verməsinin təzahürüdür.
Görüş zamanı cənab Prezident idmançılarımızın Avropada birincilik əldə edərək, himnimizi 7 dəfə səsləndirməyə nail olmaqla böyük bir uğura imza atdıqların bildirib. Dövlət başçsı Azərbaycanın idman ölkəsi olduğunu, idmanın inkişafı üçün burada hər cür şərait yaradıldığını, idmanın kütləviliyinin təmin edildiyini, bölgələrdə 50-yə yaxın Olimpiya idman komplekslərinin tikilməsini, yaradılmış münbit şəraitin idmançılarımızın nailiyyət qazanmasının əsas səbəbi olduğunu xüsusilə diqqətə çatdırıb.
Cənab Prezident onu da qeyd etmişdir ki, idmançılarımız uzun illərdir ölkəmizi dünya arenasında layiqli təmsil edirlər. İdman Azərbaycanın dövlət siyasətinə çevrilmişdir. Mötəbər yarışlarda, olimpiya oyunlarında ölkələrin reytinq sırası onu göstərir ki, inkişaf etmiş ölkələrin idmançıları adətən daha yaxşı nəticələr əldə edirlər.
Gənclərin hərtərəfli, vətənpərvər və sağlam ruhda böyüməsində idmanın çox böyük əhəmiyyəti vardır. 44 günlük müharibədə gənclərimiz çətin relyefli, dağlıq ərazilərdə idman vərdişləri sayəsində qələbəyə nail ola bildilər. Ordumuzun tərkibində minlərlə idmançı iştirak etmiş və böyük sücaətlər göstərmişlər.
İdmançılarımızın Beynəlxalq yarışlarda qazandıqları uğurlar Vətən müharibəsində erməni işğalçıları üzərində qazanılan qələbənin, bir növ, davamıdır.
Nazim BÜNYADOV,
YAP Ağcabədi rayon təşkilatının əməkdaşı