Pambıq əkininə hazırlıq işləri aparılır

         Son illər rayonumuzda kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır.

Görülmüş tədbirlər nəticəsində bölgədə fəaliyyət göstərən fermer təsərrüfatları hər il bu sahədə yüksək nəticələrə imza atırlar. Ötən il Ağcabədi pambıqçıları 11 min hektardan çox sahədə pambıq əkini aparıb və 33 min 409 ton məhsul əldə ediblər. Hər hektardan məhsuldarlıq 30,04 sentnerə çatdırılıb. Hazırda təsərrüfatlarda pambıq əkini ilə əlaqədar hazırlıq işlərinə başlanılıb.

2022-ci təsərrüfat ili üçün rayon üzrə “MKT-İK” MMC-nin Ağcabədi filialı ilə 5 min 172, “Azərpambıq” MMC-nin Ağcabədi filialı ilə 4 min 200, “P-Aqro” MMC-nin Ağcabədi filialı ilə 2 min 200“Cotton Trade” MMC (Yaşıl ada) ilə 464 hektar olmaqla, ümumilikdə, 12 min 036 hektar sahədə pambıq əkini üçün fermerlərlə müqavilə bağlanılıb. Hazırda 11 min 927 hektar sahədə şum və 6 min 617 hektar sahədə isə arat işləri aparılıb.

Qeyd edək ki, bu il pambığın hər tonuna görə məhsul subsidyası məbləğinin 100 manatdan 170 manata yüksəlməsi və pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində fermerlər təhvil verdikləri xam pambığın hər tonuna görə ötən illə müqayisədə əlavə 120 manat qazanc əldə edə biləcəklər. Bu da onların maddi rifahının yüksəlməsinə səbəb olacaq.

“Aran”

Şərhlər