Martın 30-da Tarix-Diyarşünaslıq Muzeyində “Ağcabədidə universal və mütərəqqi evə ziyarət modelinin tətbiqi” pilot layihəsinin nəticələri ilə bağlı dəyirmi masa təşkil edilib. Görüşdə səhiyyə işçiləri, layihə çərçivəsində təlimlərdə iştirak edən şəxslər, yerli icra nümayəndələri və QHT əməkdaşları iştirak ediblər.
Əvvəlcə layihə əsasında görülən işləri əks etdirən videoçarx nümayiş etdirilib. Sonra çıxış edən “Əlilliyə Erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyinin rəhbəri Gülnarə Pənahova sözügedən layihə üzrə Ağcabədi şəhərində və 7 kənddə görüşlər təşkil edildiyini vurğulayaraq, layihənin keçirilməsində dəstəyinə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Daha sonra digər çıxış edənlər erkən uşaqlıq dövrünün əhəmiyyəti, valideynlik bacarıqlarının inkişaf etdirilməsi, uşağın inkişafına təsir edən amillər və digər məsələlər barədə müzakirələr aparıblar.
Qeyd edək ki,sözügedən layihə Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və TƏBİB-in tərəfdaşlığı ilə “Əlilliyə Erkən yardım Portec Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.
Rəmziyyə HƏSƏNOVA