Xoş bir xatirə

         Hər bir insanın həyatında müəyyən hadisə, fəaliyyət sahəsi mühüm rol oynayır, həlledici istiqamətə, ömür yoluna çevrilir. Sonralar şərəflə keçilən həmin mənalı ömür yolu daim xatırlanır, qürurla yad olunur. Bir insan kimi, mənim də həyatımda mətbuat xüsusi önəm daşıyıb, həmişəyaşar dərin izlər buraxıb. Mən bununla həmişə qürur duyur, özümü xoşbəxt hesab edirəm. Nə gizlədim, həyatda az-çox nə uğur qazanmışamsa nəşr işlərinə, mətbuata borcluyam. Ümumilikdə, nəşriyyatla bağlılığım 1973-cü ildən başlanır. 1980-ci ildən isə taleyimi “Aran” (keçmiş “Surət”) qəzeti ilə bağlamışam. Uzun illər qəzetin mətbəəsində linotipçi (Sətirtökən maşın yığıcısı) vəzifəsində çalışmışam. Hesab edirəm işlədiyim müddətdə öz vəzifəmin öhdəsindən layiqincə gələ bilmişəm. Sevinirəm ki, rayonda peşəkar mətbəə işçiləri sırasında mənim də adım çəkilir. O vaxt kollektiv üzvlərinin birgə səyi nəticəsində qəzetin sayları yüksək keyfiyyətlə və vaxtında çap olunaraq, oxuculara çatdırılıb. Doğma qəzetimizin fəaliyyətində mənim də payımın olmasından qürur duyuram.

Qəzetdə çalışdığım illərdə çox acılı-şirinli anlar yaşamışam, rayonumuzun tanınmış mətbuat işçiləri, jurnalistlərlə çiyin-çiyinə bir cəbhədə xidmət göstərmişəm. Onları həmişə böyük hörmət və ehtiram hissi ilə xatırlayıram. Redaktorlardan Sərdar Mehdiyev, Fazil Sarvan, Şünasif Məmmədov, şöbə müdirlərindən Sədaqət Rəcəbova, Dilsuz Kazımov, Aslan Aslanov, məsul katiblərdən Abbas Kazımov, Yusif Əhmədov, mühasib Səfər Fətəliyev, mətbəə işçilərindən Höküm Hüseynov, Məskurə Məmmədova, Sitarə Allahverdiyeva, Məhəmməd Məmmədov, Fehruz Qasımov, fotoqraf Rafiq Allahverdiyevin adları yaddaşıma əbədi həkk olunub. Bu gün həyatda olmayanlara ulu Tanrıdan rəhmət diləyir, yaşayanlara möhkəm cansağlığı, firavan və xoş günlər arzulayıram.

Hazırda estafeti uğurla davam etdirən “Aran”ın yaradıcı kollektivinə daha yüksək nailiyyətlər arzulayıram. Necə deyərlər, sükanı möhkəm saxlayın!

İsmayıl İSMAYILOV,

“Aran” qəzetinin sabiq əməkdaşı, şəhər sakini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com