ADPU Ağcabədi filialında anım tədbiri

Martın 31-də ADPU Ağcabədi filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi şöbəsi ilə birlikdə “31 mart Azərbaycanlıların Soyqırımı hadisəsi insanlığa qarşı cinayətdir” mövzusunda anım tədbiri keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Mobil Məcidov açıb. Natiq qeyd edib ki, ermənilərin iki əsrə yaxın müddətdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti həyata keçirib. Bu soyqırım hadisələri arasında fəlakətin genişliyinə görə ən dəhşətlisi 1918-ci ilin mart ayında baş verib. Lakin bu hadisəyə uzun müddət düzgün siyasi qiymət verilməməsi tarixi ədalətsizlikdir. Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı hadisəyə real hüquqi-siyasi qiymət verilib. 1998-ci ilin martın 26-sında ulu öndərin imzaladığı fərmanla xalqımızın qan yaddaşı olan 31 mart tarixi azərbaycanlıların soyqırımı günü kimi tarixə düşüb. M.Məcidov bildirib ki, bu gün müstəqil Azərbaycan dövləti Prezident  İlham Əliyevin apardığı uğurlu daxili-xarici siyasət nəticəsində regionda qüdrətli dövlətə çevrilmişdir. 44 günlük II Qarabağ müharibəsində şanlı Qələbə sayəsində torpaqlarımız işğaldan azad edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının qisası alınıb.

Sonra 31 mart soyqırımı ilə bağlı məruzə etmək üçün söz  filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Araz Əliyevə verilib. O, bildirib ki, bu  soyqırımı xalqımızın ən ağrılı-acılı bir tale yazısıdır. 31 mart soyqırımı ümumilikdə xalqımıza qarşı uzun illər öncədən hazırlanmış planın yalnız bir hissəsidir.

A.Əliyev soyqırımda əlli min nəfərdən çox azərbaycanlı qətlə yetirildiyini bildirib. Uzun illər xalqımıza qarşı törədilən bu qatı cinayət öz həqiqi qiymət yalnız ümummilli lider Heydər Əliyev tərəfindən  1998-ci il 26 mart tarixli Fərmanı ilə verilib.

Anım tədbirində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, filialın dosentləri Mahir Səlimov və Seymur Süleymanov məruzə ətrafında çıxış edərək soyqırımla əlaqədar öz fikir və mülahizələrini bildiriblər.

Sonda 31 mart  Azərbaycanlıların Soyqırımına aid film nümayiş etdirilib.

Şərhlər