Aprel döyüşləri şəhidinin anım mərasimi keçirilib

Hindarx qəsəbəsində 2016-cı il Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş həmyerlimiz Dilsuz Qarayevin anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin zabiti İlkin Alıyev, yerli icra və bələdiyyə nümayəndələri, Vətən müharibəsi qaziləri və iştirakçıları, şəhidin ailə üzvləri, qəsəbə sakinləri, müəllimlər, şagirdlər iştirak ediblər.

Tədbirdən öncə igid döyüşçünün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ş.Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağcabədi rayon şöbəsinin zabiti İlkin Alıyev çıxış edərək, qəhrəman həmyerlimiz, Azərbaycan Silahlı Qüvvələrinin giziri, torpaqlarımızın erməni işğalından azad olunması uğrunda gedən döyüşlər zamanı şəhid olmuş Dilsuz Məmmədağa oğlu Qarayevin şanlı həyat yolundan, göstərdiyi şücaətlərdən geniş söhbət açıblar. Qeyd olunub ki, cəsur döyüşçünün Vətən qarşısında xidmətləri unudulmur, onun əziz xatirəsi qəlblərdə əbədi yaşayır. 44 günlük Vətən müharibəsində Milli Ordumuzun çaldığı parlaq qələbəsi nəticəsində Dilsuz Qarayevin arzuları gerçəkləşib, onun və digər şəhidlərimizin qisası xain düşməndən alınıb.

Sonra şagirdlərin ifasında Qarabağa, Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin anası söz alaraq oğlu ilə daim fəxr etdiyini söyləyib, anım mərasimini təşkil edənlərə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər