Ağcabədi Rayon İcra Hakimiyyəti, təhsil şöbəsi və Ağcabədi rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Erkən nikaha yox de” mövzusunda silsilə maarifləndirmə tədbirlərinə start verilib.
Maarifləndirici tədbirlər ilk olaraq aprelin 6-da şəhər 1, 2 və 3 saylı məktəblərdə təşkil olunub. Tədbirlərdə rayon icra hakimiyyətinin, mərkəzi xəstəxananın, təhsil şöbəsinin nümayəndələri, müəllimləri və sözgedən məktəblərin VIII-XI sinif şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər hazırda respublikamızda erkən nikaha daxil olmanın aktual problemlərdən biri olmasından, bununla əlaqədar geniş araşdırmalar aparılmasının zəruriliyindən söhbət açıblar. Qeyd olunub ki, erkən nikahın qarşısının alınmaması qızların təhsilinə, bir şəxsiyyət kimi inkişafına, psixologiyasına mənfi təsir göstərir, ümumilikdə cəmiyyətə ciddi zərbələr vurur. Çıxışlarda həmçinin erkən nikahın qarşısının alınması ilə bağlı mübarizə yolları barədə də iştirakçılara ətraflı məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb.
Sonda iştirakçılara “Bir qızın hekayəsi” adlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, rayonun ümumtəhsil məktəblərində maarifləndirmə tədbirləri davam etdirilir.
Rəmziyyə HƏSƏNOVA