31 mart 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilmişdir.
Kollecin akt zalında keçirilmiş anım tədbirdə soyqırım qurbanlarının, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Ağcabədi Pedoqoji Kollecinin direktoru Mirələm İbrahimli, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov anım tədbirində çıxış edərək ermənilərin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri insanlığa sığmayan vəhşiliklərindən ətraflı söz açmışlar.
Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların Soyqırımı” haqqında 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Daha sonra çıxış edən kollecin direktor müavini Rövşən Bayramov, müəllim Bəxtiyar Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ağcabədi bölgəsi üzrə şöbənin əməkdaşı Cavid Məlikzadə və başqaları qeyd etdilər ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Ancaq tarix heç nəyi unutmur. Azərbaycan dövləti xalqımıza qarşı həyata keçirilən etnik düşmənçilik siyasəti haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün olan bütün vasitələrdən istifadə edir.
Tədbir başa çatdıqdan sonra iştirakçılar Ağcabədi Qəhrəmanlar Parkında Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş həmyerlilərimizin məzarlarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzüblər.