Taleyimə çevrilmiş qəzet

         “Aran” mənim taleyimdir. Necə deyərlər, ömrümün düz 54 ilini onun səhifələrinə köçürmüşəm. Bu məşhur qəzetlə bağlanmağımın maraqlı bir tarixçəsi vardır. Tam təsadüf nəticəsində onunla yollarımız birləşib.

1966-cı ildə Ağcabədi şəhər 2 saylı orta məktəbinin 11-ci sinifini bitirib, sənədlərimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna təqdim etdim. Sonuncu imtahandan keçə bilmədim. Rayona döndükdən sonra özümə iş axtarmağa başladım. Pambıq yığımı olduğu üçün bütün idarə-müəssisələr bağlı idi. Buna görə də o vaxtlar rayonun birinci katibi olan Məmməd Əsgərovun qəbuluna düşməyi qərara aldım. Rayon partiya komitəsi indiki 9 saylı tam orta məktəbin binasında yerləşirdi. 

Qəbula yazılanda növbətçi məndən gəlişimin səbəbini soruşdu. İş üçün katibin qəbuluna düşmək istədiyimi bildirdim. O da cavabında, katib burda yoxdur, bir azdan gələcək, dedi və yanında yer göstərdi. Sonralar həmin növbətçinin Vəli Abdullayev olduğunu öyrəndim.

Çox keçmədən katib gəlib çıxdı. O, mənimlə əl tutub, salamlaşdı. Məni göstərərək, növbətçidən, bu cavan oğlan nə üçün gəlib, deyə xəbər aldı. Növbətçi ona iş üçün gəldiyimi söylədi. Otağa keçdik. Məmməd Əsgərov mənə özünə yaxın stulda yer göstərdi. Bir neçə sual verdikdən sonra növbətçiyə Sərdar Mehdiyevi çağırmağı tapşırdı. O, rayonda çıxan “Sürət” qəzetinin redaktoru idi.

Sərdar müəllim içəri daxil olanda ayağa durdum. Katib də qalxıb, ondan redaksiyada hansı boş iş yerinin olduğunu soruşdu. Sərdar müəllim korrektor ştatının boş olduğunu bildirdi. M.Əsgərov ona, bu oğlanı işə götürəcəksən, dedi. Sağollaşdıqdan sonra redaktorla birlikdə qəzet redaksiyasına gəldik. Sərdar müəllim məni əməkdaşlarla bir-bir tanış etdi: Əjdər müəllim, Məzahir müəllim, Bəhram müəllim (ona Marks da deyirdilər), bu da makinaçı Zəhra…

Bir az keçmiş qəzetin mətbəəsinə yollandıq. Orada məsul katib Abbas Kazımov, mürəttiblər Cavad, Höküm, Məskurə, Tamara, Sitarə, Xurma və çapçı Kamal ilə tanış oldum. Beləliklə, 1966-cı ilin oktyabr ayından “Sürət” qəzeti redaksiyasında korrektor kimi fəaliyyətə başladım. Doğrusu, bu iş çox çətin olsa da, öhdəsindən gəlməyə çalışırdım. Arabir qəzet səhifələrində müxtəlif yazılarla da çıxış edirdim.

Bir müddət keçdikdən sonra Əjdər Fərzəli Bakı şəhərinə köçdü. Onu Qəni Cəfərov əvəz etdi. Məndən bir il sonra Fazil Cəfərov (Fazil Sarvan), bir qədər keçmiş Ənvər Əhməd işə qəbul olundu. Demək olar ki, kollektiv üzvləri tez-tez dəyişirdilər. Tahir Ağazadə (sonralar o, ədəbi işçi kimi qəzetin əməkdaşı oldu) redaksiyaya mühasib vəzifəsinə gətirildi. Nərgiz makinaçı, Rafiq Allahverdiyev isə fotoqraf kimi fəaliyyətə başladı.

Tahir Ağazadənin ədəbi işçi vəzifəsinə keçməsi ilə əlaqədar, mühasibliyi də mənə həvalə etdilər. Çünki orta məktəbdə mühasibat işi üzrə tam kurs keçmişdim. Buna baxmayaraq, 1970-1973-cü illərdə texnikumda qiyabi təhsil alaraq, mühasib ixtisasına yiyələndim. 1975-ci ildən 2020-ci ilədək “Aran” (keçmiş “Sürət”) qəzeti redaksiyasında mühasib vəzifəsində çalışdım.

Qeyd edim ki, “Aran” qəzeti rayonumuzun ictimai-siyasi, iqtisadi həyatının işıqlandırılmasında çox mühüm rol oynayıb, əhali arasında böyük nüfuz qazanıb. Gözəl bir kollektiv formalaşmışdı. Kollektiv üzvlərinə elə isinişmişdim ki, onlardan ayrılmaq istəmirdim. Mənə çox idarə və müəssisə tərəfindən mühasib işləmək təklif olunurdu. Lakin doğma kollektivdən uzaqlaşmadım, redaksiyaya üstünlük verdim.

Aradan çox illər keçib. Ancaq qəzetdə işlədiyim günləri, Sərdar Mehdiyev, Fazil Sarvan, Qəni Cəfərov, Yusif Əhmədov, Şünasif Məmmədov, Dilsuz Kazımov, Məhəmməd İsmayılov, İsmayıl İsmayılov və sair kimi dəyərli insanları, mətbuat işçilərini heç vaxt unutmuram. “Aran”ın fəaliyyətində, yaşamasında misilsiz xidmətləri olan bu şəxsləri daim böyük hörmət və ehtiram hissi ilə xatırlayıram.

Şadam ki, bu gün “Aran” qəzeti etibarlı əllərdədir, öz şərəfli missiyasını uğurla davam etdirir. Doğma qəzetimizin bütün kollektiv üzvlərinə yeni-yeni nailiyyətlər arzulayıram.

Səfər Fətəliyev,

“Aran”ın sabiq əməkdaşı, şəhər sakini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər