Aprel döyüşlərindən 6 il keçir

Milli Ordumuzun parlaq tarixi qələbələrindən sayılan aprel döyüşlərindən 6 il ötür.

2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradıb, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Bu zaman minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Qəhrəman əsgər və zabitlərimiz 23 ildən sonra dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşadıb.

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatının məqsədi Ermənistan ordusunun təmas xəttindəki yaşayış məntəqələrində törətdiyi təhlükəni aradan qaldırmaqdan ibarət olub. 2016-cı ilin martından başlayaraq, Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhə boyu ərazilərdəki yaşayış məntəqələrini daha sıx atəşə tutmağa başlayıb. Vəziyyəti gərginləşdirmək məqsədilə erməni hərbi birləşmələri artilleriya qurğularından həm döyüş mövqelərini, həm də təmas xəttinə yaxın olan yaşayış məntəqələrini atəşə tutub.

Azərbaycan tərəfindən dərhal adekvat tədbirlər görülüb, qəti cavab zərbələri endirilib. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində yerləşən koordinatlar müəyyənləşdirilib, Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

Aprel döyüşlərində cəbhənin ən gərgin istiqaməti Ağdərə-Tərtər-Ağdam və Füzuli istiqaməti olub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxarıb. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilib.

Aprel döyüşlərində illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifi dağıdılıb və erməni xalqı işğalçılıq siyasətinin iflasa uğradığını dərk edib. Aprel qələbəsi əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.

Uğurlu aprel əməliyyatından sonra Ermənistanın işğalçılıq siyasəti danılmaz faktlarla yenidən təsdiqlənib. Belə ki, döyüşlərdə ölənlərin əksəriyyətinin Ermənistan hərbi qulluqçularının olması, onların Ermənistan hökuməti tərəfindən mükafatlandırılması, yaralıların böyük bir hissəsinin Ermənistanın tibb müəssisələrində müalicə alması və dövlət tərəfindən separatçıların könüllü adı altında yenidən Qarabağa göndərildiyi sübuta yetirilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Uğurlu Aprel döyüşlərinin məntiqi davamı olaraq, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində torpaqlarımızı işğaldan azad edib, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur qalıb.

Şərhlər