Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş güləş üzrə Avropa çempionatında iştirak edən ölkə millisinin üzvləri ilə görüş keçirib.
Güləşçilərimiz Azərbaycanın idman şöhrətini yüksəldən yeni bir uğura imza atıblar. Budapeştdə keçirilmiş Avropa çempionatında onlar bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə dönüblər. 16 medal qazanmış idmançılar nəyə qadir olduqlarını bir daha sübut ediblər.
Əlbəttə, Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb. Beləliklə, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular.
Görüş zamanı dövlət başçsı qeyd edib ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız yarışa çıxanda unutmamurlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir və onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır.
Bildirilib ki, vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.
İlham Əliyev göstərib ki, gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Vaxt az qalıb və, nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalıdırlar. Düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər. Gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər.
Prezident idmançılarımızın yarışlarda haqlı qələbələri əldə etməsinə də toxunub. Qeyd olunub ki, cığallıq edəndə, nalayiq hərəkət edəndə bizim idmançılarımız öz gücü ilə, qaydalar çərçivəsində rəqibi yerinə oturda biliblər.
İkinci Qarabağ müharibəsi zamanı da mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməlləri törədiblər. Bizim şəhərlərimiz, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutuldu, 100-dən çox dinc sakin onların arasında uşaq, qadın, yaşlı insan bu namərd atəş nəticəsində həlak olub.
Ən başlıcası odur ki, Azərbaycan əsgəri düşmənə döyüş meydanında lazımi cavab verib. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik.
Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir.