Görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların sürətlənməsi, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkədə inkişaf dinamikasının möhkəmlənməsinə səbəb olub, iqtisadiyyatın daha da güclənməsi üçün əlverişli imkanlar yaradıb. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və gözlənilən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi istiqamətlər dövlətimizin qarşısında duran prinsipial vəzifələrdən hesab olunur.
Bu gün müəyyən təşkilatlar, kollektivlər daxilində birləşmiş insanlar, ayrı-ayrı vətəndaşlar dövlət başçısına olan etimadlarını birmənalı şəkildə nümayiş etdirirlər. Təbii ki, son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daxilində və beynəlxalq miqyasda qazandığı uğurların Azərbaycan xalqı, həm də nüfuzlu xarici analitik mərkəzlər, ekspertlər tərəfindən də yüksək qiymətləndirilir. Keçirilən bütün rəy sorğularının nəticələri bir daha sübut edir ki, Azərbaycan xalqı öz gələcək xoşbəxtliyini bu siyasətdə görür. Xalqımız Prezident İlham Əliyevi dünyada nüfuzlu, uzaqgörən lider kimi qəbul edir və dəstəkləyir.
Bütün bunlar onu göstərir ki, Azərbaycanda müstəqil inkişaf strategiyası uğurla həyata keçirilir. Dövlətimiz heç bir beynəlxalq qurumdan, dövlətdən asılı olmayan iqtisadi siyasət yeridir. Bu da inkişafın fundamental əsasını təşkil edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bunun qanunauyğun nəticəsidir ki, hər bir sahədə müşahidə edilən sürətli tərəqqi, dinamik iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Ən başlıcası güclü, qüdrətli Azərbaycanın sürətli tərəqqisini şərtləndirən başlıca amil mütəmadi səciyyə daşıyan ictimai-siyasi sabitlikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun nəticəsidir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, sabit bir ölkə kimi səciyyələndirilir. Ölkədə hökm sürən və ardıcıl səciyyə daşıyan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara, ümummilli mənafeyə tam cavab verməsi hesab olunur.
Rövşən ƏHMƏDOV,
YAP Ağcabədi rayon təşkilatının sədri