Ağcabədi şəhər 4 nömrəli tam orta məktəbdə “Çempionumuz” sosial idman layihəsi çərçivəsində karate-do idman növü üzrə əməkdar məşqçi, 4-cü İslam Həmrəyliyi Oyunlarında hakim, yetirmələri dəfələrlə dünya və Avropa çempionu, beynəlxalq yarışların qalibi olmuş, beynəlxalq dərəcəli 2-ci dan qara kəmər sahibi Qənbərov Eldəniz Surxay oğlu ilə məktəblilərin görüşü keçirilib.
Görüş Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və “Azərbaycan İdman Könüllüləri” İctimai birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq təşkil edilib.
Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti Baxşeyiş Məmmədov çıxış edərək “Çempionumuz” sosial idman layihəsinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğ olunmasında xüsusi önəmi olduğunu vurğulayıb.
Eldəniz Qənbərov idmanda qazandığı uğurlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, məktəbliləri maraqlandıran sualları cavablandırıb, onlarla xatirə şəkili çəkdirib.