Dalana sıxışdırılan Ermənistan

                                            

            2020-ci ilin sentyabrında başlayan və Azərbaycanın qələbəsi ilə başa çatan müharibədə kapitulyasiya aktına qol çəkən Nikol Paşinyan sonrakı dövrlərdə hər vəchlə 10 noyabr tarixdə imzalanmış üçtərəfli razılaşmanın müddəalarını pozmağa çalışaraq, konstruktiv və reallıqlara söykənən danışıqlardan yayınır. Lakin bu yayınmaların da bir sonu var.

            Aprel ayının 6-da Brüssel şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüşdə Azərbaycanla-Ermənistan arasında sülh müqaviləsi bağlanması istiqamətində işçi qrupunun yaradılması barədə razılaşma əldə edilməsi xüsusi önəm daşıyır. Azərbaycan tərəfindən irəli sürülən 5 maddədən ibarət təkliflər paketi dövlətimizin maraqlarını əks etdirməklə mühüm əhəmiyyət kəsb edib.

            Sərhədlərin dəqiqləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, itkin düşmüş şəxslərin tapılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, yenidən çəkilməsi və sair bu kimi məsələlər həmin sənəddə əksini tapıb.

            Brüssel görüşündə əldə edilən siyasi dividentlərdən biri də 30 ildən artıq bəzi Beynəlxalq təşkilatların və Ermənistanı dəstəkləyən dövlətlərin leksikonundan düşməyən “Dağlıq Qarabağ” ifadəsi və bu müddətdə “siyasi turist” rolunu oynayan ATƏT-in Minsk qrupunun adının  çəkilməməsidir.

 Avropa İttifaqı Şurasının və onun Prezidenti Şarl Mişelin digər Beynəlxalq təşkilatlardan fərqli olaraq, reallığa söykənən qərəzsiz mövqe  nümayiş etdirməsi Azərbaycan və Ermənistan arasındaki münaqişənin aradan qaldırılması və konstruktiv qərarlar qəbul etmək üçün stimul yaradıb. Təbii ki, bu məqama çatmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurası, xüsusən Şuranın Prezidenti Şarl Mişellə apardığı dialoq və xoşməramlı təmasların böyük əhəmiyyəti vardır.

            Brüssel görüşləri bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasət artıq öz bəhrəsini verir. Avropa İttifaqı Şurası başda olmaqla, dünyanın  nüfuzlu Beynəlxalq təşkilatları artıq bu reallığı qəbul edirlər: İlham Əliyev böyük siyasətçidir  və onun Cənubi Qafqazda sülhün bərqərar olmasına hesablanmış siyasi xətti problemin həllinin yeganə düzgün yoludur.

            Şübhəsiz, Brüsseldə əldə edilmiş razılaşma Azərbaycanın yeni siyasi-diplomatik qələbəsidir. Bu görüş onu göstərdi ki, Ermənistan artıq dalana sıxışdırılıb. Onun yeganə  yolu danışıqları davam etdirmək, tezliklə sülh müqaviləsinə qol çəkməkdir.

            Lakin Ermənistanda isə bəzi qüvvələr belə düşünmürlər və ya özlərini “vətənpərvər”, “məğlubiyyətlə barışmayan” bir qüvvə kimi qələmə verirlər. Köçəryan-Sarkisyan cütlüyünün başına yığışan revanşist qüvvələr İrəvanda mitinqlərə qatılmaqla özlərini “xalq qəhrəmanı” kimi göstərməyə çalışırlar. Onlar bilməlidirlər ki, artıq qatar yola düşüb, siyasi oyunbazlığa yer qalmayıb.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər